Artıq diqtə edən tərəf Azərbaycandır – Ekspertlərdən açıqlama
"Yaxın günlərdə Azərbaycanın torpaqlarımızın işğaldan azad olunması şərtinin qəbul edilməsilə bağlı İrəvanın real addımlar atmasına şahidlik edəcəyik”.
Sfera.az-a açıqlamasında bu sözləri döyüşdə Azərbaycan əsgərinin qazandığı qələbələrin diplomatik meydanda da uğura çevrildiyi, danışıq şərtlərini Bakının diqtə etməsi və ölkəmizin status-kvo vəziyyətini dəyişməsi məsələsinə toxunarkən Milli Məclisin deputatı Elman Nəsirov deyib:

"30 ilə yaxın idi ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyilə münaqişənin həlli istiqamətindənəticəsi sıfır olan danışıqlar gedib. Heç olmasa, əvvəllər Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayonun qaytarılması ətrafında müzakrələr aparılırdı. Amma Paşinyan deyəndə ki, "Qarabağ Ermənistandır” deməli, artıq bu müzakirələrin də heç bir mənası olmadı. Çünki o artıq 7 rayonu da Ermənistanın tərkib hissəsi hesab etdi.
Ona görə də 27 sentyabr ermənilərin növbəti hərbi təxribatından sonra müharibə başladı. Hansı ki, başlayan hərbi əməliyyat Azərbaycan Ordusunun şanlı qələbələrilə müşahidə olunmaqdadır. Dünən Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü oldu. Danışıqların gedişində atəşkəs elan olundu və burada tezliklə substantiv, yəni mahiyyəti, baza prinsipləri üzrə danışıqlara başlamaq məsələsi öz əksini tapdı”.
Politoloq qeyd etdi ki, bundan sonra danışıqlarda diqtə edən tərəf Azərbaycan olacaq:
"Azərbaycan Prezidenti dünənki müraciətində də qeyd etdi k, sülh danışıqlarına hazırıq. Ancaq bir şərtlə ki, işğalçı Ermənistan işğal etdiyi bütün ərazilərimizdən çıxmalıdır.Moskva razılaşması fonunda məhz cənab Prezidentin həmin tələbləri əsasında danışıqlar olacaq. Qətiyyən məyus olmağa dəyməz”.
E. Nəsirovun fikrincə, Ordumuzun qələbələri Ermənistanı məcbur edir ki, o artıq Azərbaycanın diqtə və şərtləri altında danışıqlara gəlsin:
"Yaxın günlərdə Azərbaycanın torpaqlarımızın işğaldan azad olunması şərtinin qəbul edilməsilə bağlı İrəvanın real addımlarına şahidlik edəcəyik. Bu istiqamətdə mühüm siyasi qərarların qəbulunu görəcəyik. Hesab edirəm ki, Ermənistan buna getməsə düşmən üçün daha ağır nəticələr verəcək müharibə yenidən başlayacaq. İrəvanın manevr etməyə heç bir imkanı yoxdur”.
"Döyüş meydanı ilə yanaşı diplomatik cəbhədə də əldə etdiyimiz uğurların nəticəsidir ki, bu gün şərtləri Azərbaycan diqtə edir, beynəlxalq birlik Bakının tərəfindədir”

Bu açıqlama isə Milli Məclisin deputatı Aydın Mirzəzadəyə məxsusdur: "Minsk Qrupunun 3 həmsədr dövlətindən 2-si birmənalı şəkildə ölkəmizin mövqeyini dəstəkləyir. İrəvanın xarici dövlətləri münaqişəyə cəlb etmək cəhdləri puça çıxıb.Paşinyanın dünyanın ayrı-ayrı dövlətlərinə yalvarış dolu müraciətləri də bir nəticə vermədi.
Belədə Azərbaycanın uzun müddət apardığı düzgün daxili və xarici siaysət öz nəticəsini o cümlədən Dağlıq Qarabağ probleminin həlli məsələsində də verməkdədir”.
Deputat qeyd etdi ki, bütün bunların nəticəsi olaraq, indi proses Azərbaycanın diqtəsilə gedir: "Azərbaycanın qətiyyətli mövqeyi, hadisələri düzgün dəyərləndirməsi nəticəsində sentyabrın 27-dən başlayaraq proses ətrafında vəziyyət kökündən dəyişib. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatı işğal altında olan torpaqlarımızın əhəmiyyətli hissəsinin azad edilməsinə gətirib çıxarıb.
Ermənistan torpaqlarımızdan öz işğalçı qoşunlarının çıxarılmasının dəqiq cədvəlini Azərbaycana təqdim etməlidir. Əks halda hərbi əməliyyatlar davam edəcək”.
Elçin
Sfera.az






