Fərhad Əhmədov NOVIE İZVESTİYA üçün yazır: Qoyun dərisi geymiş təbliğat canavarları
Azərbaycan əsilli rusiyalı milyarder, sabiq senator və xeyriyyəçi Fərhad Əhmədov Rusiyanın nüfuzlu "Novıe İzvestiya” nəşrində erməni terrorizmini ifşa edən növbəti məqalə ilə çıxış edib.
Sfera.az oxucular üçün maraqlı olacağını nəzərə alaraq həmin məqaləni təqdim edir:
***
"Erməni radiosunun" Bakını beynəlxalq terrorizmdə ittiham etməsi nədən inandırıcı görünmür?
Döyüş meydanında məğlubiyyətə uğramağa başlayan Yerevan, göründüyü kimi, informasiya döyüşlərində bunun əvəzini çıxmağa çalışır. Media məkanına atdığı əsas mövzulardan biri isə Azərbaycanın beynəlxalq terrorizmdə ittihamıdır.
Əslində bu anlaşılan gedişdir. Terrorizm mövzusu həmişə aktualdır, həmişə maraqla qarşılanır, Qərb dövlətlərinin kütləvi informasiya vasitələrində isə xüsusi ajiotaj yaradır. Orada cəmiyyət terror aktları, yaraqlılar və islamçılarla əlaqəsi olan hər şeydən çox qorxur, çünki son illər radikalizmin və ekstemizmin acı nəticələrini şəxsən yaşayıblar. Buna görə də istənilən münaqişəyə, xüsusilə də Şərqdə baş verən qarşıdurmalara terrorizmin yayılması prizmasından yanaşırlar. Əsrin əvvəlində terror hücumlarına, yaşayış binalarının partladılmasına, Şimali Qafqazda islam radikalizminə məruz qalan Rusiya da ekstremizmin yayılması ilə bağlı ən kiçik eyhamı belə ağrılı qarşılayır, yaraqlıların qonşu ərazilərə gətirildiyini eşidəndə çox narahat olur.
Beləliklə, siyasi strateqlərin fikrincə, İrəvan böyük dövlətləri və ümumilikdə dünya birliyini qorxuya salan uduşlu mövzunu gündəmə gətirməklə kifayət qədər uğurlu siyasət seçib. Amma ittihamların ünvanı doğrudurmu?
Məlum olduğu kimi, Azərbaycan xalqının çoxəsrlik tarixi heç vaxt terror fəaliyyəti ilə əlaqələndirilməyib. Azərbaycanlılar dinc insanlardır, zorakılığa, terrora meylli deyillər. Arxivləri nə qədər araşdırsanız da, Azərbaycan terrorizminin izlərinə rast gələ bilməzsiniz.
Azərbaycanlılar həmçinin dini fanatizmdən də uzaq olublar. Azərbaycanda müxtəlif dini baxışlara malik cərəyanların nümayəndələri - şiələr, sünnülər, xristianlar və yezidlər hər zaman dinc və yanaşı yaşayıblar. Bakıda hətta Sovetlər dönəmində belə atəşpərəstlərin məbədi fəaliyyət göstərirdi.
O da nəzərə alınmalıdır ki, Azərbaycan silahlarının 30 faizini dünyada terrorizmdən ən çox zərər çəkən dövlətlərdən biri olan və onunla barışmaz mübarizə aparan İsraildən alır. Təbii ki, bu ölkənin hakimiyyəti islam yaraqlılarının Azərbaycana gətirilməsinə və silahlandırılmasına göz yummazdı.
Başqa sözlə desək, Azərbaycanda terrorizmin kök salması üçün münbit zəmin yoxdur, heç vaxt da olmayacaq. Respublika əhalisi milli, siyasi və digər maraqlarına başqa üsullarla nail olmağa alışıb.
Yaxşı bir atalar məsəli var: "Oğru elə bağırdı, doğrunun bağrı yarıldı”. Tarixdən bəllidir ki, erməni millətçiliyi əsrlərdən bəri terrorizmlə sıx bağlı olub. Bu əlaqə erməni radikalları tərəfindən siyasi mübarizənin, öz dövləti üçün yeni ərazilərin fəthinin qanuni üsulu kimi qiymətləndirilirdi. Rusiya və Osmanlı İmperatorluğu 19-cu əsrin sonlarından erməni terrorizmindən əziyyət çəkib. Daha sonra bu fəlakət digər ölkələri də sardı.
Sadəcə bir neçə fakt sadalayaq. Birinci Dünya Müharibəsinə qədər ermənilərin bütün partiyaları - "Armenakan”, "Hnçak” və "Daşnaksütyun” praktiki olaraq terrorizmi qanuni mübarizə yolu kimi qəbul edirdi. Nəticədə Türkiyədə silsilə terror aktları həyata keçirildi. Bunların arasında ən böyük səs-küyə səbəb olan 1896-cı ildə İstanbuldakı Osmanlı bankının ələ keçirilməsidir. Erməni terrorçularının qəddarlığı bütün Avropanı sarsıtdı, onları sığınacaq tapmağa çalışdıqları Fransadan qovdular.
Rusiya imperiyası ermənilərə himayədarlıq edirdi, ermənilər isə bunun əvəzini çoxsaylı terror aktları ilə - rusiyalı məmurları qətlə yetirməklə verdi. Daşnaklar o qədər azğınlaşmışdılar ki, hətta onlara haqq ödəməkdən imtina edən etnik erməniləri belə öldürdülər.
Erməni terrorçuları türklərlə yad ərazidə hesablaşmaq ənənəsini inqilabdan sonra da davam etdiriblər. 1921-ci ildə Berlində daşnaklar Tələt Paşanı, 1922-ci ildə isə Camal Əzmini öldürdülər. 1921-ci ildə Romada Səid Halim Paşa öldürüldü. 1922-ci ildə isə Tiflisdə Camal Paşanı vurdular.
Həmin illərdə terror qurbanları arasında azərbaycanlılar da vardı. 1920-ci ildə daşnaklar Tiflisdə Fətəli Xan Xoyskini, İstanbulda isə Behbud xan Cavanşiri öldürdülər.
Erməni terrorunun tarixi 100 ildən çoxdur. Ötən əsrin 70-80-ci illərində daşnaklar bir sıra türkiyəli diplomatı qətlə yetirdi, onların arasında Türkiyənin Fransadakı, Vatikandakı və Avstriyadakı səfirləri də vardı. Erməni terrorçular bütün Avropada , ABŞ-da, Türkiyədə, Yaxın Şərqdə teraktlar törədirdi, hava limanlarına hücum edib dinc əhalini girov götürürdü, nə uşaqlara, nə də qocalara acımırdı.
Terrorçular erməni lobbisinin güclü olduğu Fransa ərazisində xüsusi fəallıq nümayiş etdirirdilər. Amma 1983-cü ildə terrorçu Karapetyan Orly hava limanını partladaraq bir çox sərnişini öldürəndə fransızların səbr kaşası daşdı. Ömürlük həbs cəzasına məhkum edilsə də, on yeddi il sonra əfv edilən terrorçu Ermənistanda milli qəhrəman kimi qarşılandı. Fransanın hazırkı prezidenti E. Makron (red. çox guman ki, o da sələfləri kimi erməni diasporunun güclü təzyiqinə məruz qalır) yaxın tarixdənnəticə çıxarmasa, Fransanın aqibəti heç də yaxşı olmayacaq.
Sovet İttifaqında terrorizmlə məşğul olan tək millət ermənilər idi. Stepan Zatikyanın rəhbərlik etdiyi Yerevan terrorçuları 1977-ci ilin yanvarında Moskva metrosunda və Moskvanın mərkəzində bomba partlatdılar, nəticədə yeddi nəfər öldü, onlarla insan yaralandı.
Yenidənqurma başlayar-başlamaz, erməni terrorizmi daha da alovlandı. 1991-ci ilin aprelində Rostov Donunun mərkəzində polkovnik Vladimir Blaxotin öldürüldü. Uzunmüddətli həbs cəzasına məhkum edilən qatillər tezliklə Yerevana göndərildilər və orda milli qəhrəman kimi qarşılandılar. Onların cinayət yoldaşı olan qadın isə Ermənistanın hava limanındaca silahlılar tərəfindən qaçırıldı.
Birinci Qarabağ müharibəsi zamanı Yaxın Şərq də daxil olmaqla, Dağlıq Qarabağ ərazisinə bir sıra beynəlxalq terrorçu gətirildi. Bu gün bütün Ermənistanda xatirəsi əziz tutulan Monte Melkonyanı xatırlamaq kifayətdir.
Göründüyü kimi, bu gün tarix təkrarlanır. Yenə Dağlıq Qarabağa bütün dünyadan terrorçular axışır, onların gəlişini ört-basdır etmək üçün isə əslində mövcud olmayan digər terrorçular barədə şayiələr yayılır.
Ekspertlər qeyd edir ki, rəsmi Yerevanın beynəlxalq terrorizm mövzusu ilə bağlı Rusiya hakimiyyətinə təzyiq göstərən ermənilərin inadkarlığı və həyasızlığı hamını heyrətə gətirir. Göründüyü kimi, cəbhədə işlər heç də yaxşı getmir, buna görə də Ermənistan beynəlxalq terrorizm mövzusundan saman çöpü kimi yapışıb özünü xilas etməyə çalışır.
Amma Kremldən ümidverici reaksiya gəlmir. Rusiya hakimiyyətinin nümayəndələri erməniləri növbətçi bəyanatlarla yola verir. Odur ki, Moskvanın müdaxiləsinə bəslənən ümid özünü doğrultmadı.
Tərcümə etdi: Selcan
Sfera.az






