Logo

Müharibə Ermənistan iqtisadiyyatını necə sarsıdır? - Düşmən ölkə üçün QORXUNC STATİSTİKA

Müharibə Ermənistan iqtisadiyyatını necə sarsıdır? - Düşmən ölkə üçün QORXUNC STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi nəticəsində yenidən alovlanan müharibə Ermənistanda makroiqtisadi sabitliyin təmin edilməsini və iqtisadi tənəzzülün aradan qaldırılmasını çətinləşdirəcək. Pandemiya ilə əlaqədar dünyada iqtisadi əlaqələrin zəifləməsi, əhalinin sağlamlığını təmin etmək üçün sərt karantin rejiminin tətbiq edilməsi onsuz da milli iqtisadiyyatların kiçilməsinə səbəb olub.

Eyni hal Ermənistan iqtisadiyyatında da müşahidə edilir. Karantinin iqtisadiyyat üçün daha böyük problemlər yaratdığını görən Ermənistan hökuməti bütün ölkələrdən öncə karantini aradan qaldırdı. Hökumət rəsmiləri etiraf edirdi ki, karantin aradan qaldırılmasaydı iqtisadiyyatı daha dərin böhrandan qurtarmaq mümkün olmayacaqdı.

Sfera.az bildirir ki, Ermənistanın Azərbaycana hücum etməsi və bunun nəticəsində müharibənin başlaması bu ölkənin iqtisadiyyatını daha dərin böhrana salacaq. Müharibənin Ermənistan iqtisadiyyatına təsiri ağırlıq dərəcəsinə görə onun davametmə müddətindən asılı olacaq. Əksər ekspert qiymətləndirmələrində qeyd edilir ki, müharibənin bir aydan uzun müddət davam etməsi Ermənistan iqtisadiyyatında arzuolunmaz böhran vəziyyəti yaradacaq.

Ermənistan iqtisadiyyatının mövcud vəziyyəti ilə bağlı statistik məlumatlar göstərir ki, böhran böyükdür və müharibə kövrək iqtisadiyyatı zədələyə bilər.

Düşmən ölkənin rəsmi dairələrinin açıqladığı statistikaya görə ilk 7 ayda Ermənistan iqtisadiyyatı 5,7 faiz kiçilib. Sənayedə istehsalın həcmi 1,3 faiz artsa da əsas kapitala yönəldilən vəsaitlər 22,6 faiz azalıb. Hər bir ölkənin iqtisadi inkişafında sərmayə qoyuluşunun vəziyyəti önəmli paya sahibdir. Böyümə üçün investisiya qoyuluşunun artması və ya müəyyən yüksək səviyyədə olması vacibdir. 2019-cu ildə Ermənistanda sərmayə qoyuluşu az olub. Buna baxmayaraq 2020-ci ildə sərmayənin həcminin bir qədər də azalması vəziyyəti pisləşdirib.

Ermənistanda pərakəndə ticarət dövriyyəsi də kiçilir. Pərakəndə ticarət dövriyyəti ölkədə tələbin səviyyəsini göstərən əsas indikatorlardan biri hesab edilir. İlk 7 ayda düşmən ölkədə əhalinin pərakəndə xərcləri 15 faiz azalıb.

Pandemiya Ermənistanın xarici iqtisadi əlaqələrini də zəiflədib. Geridə qalan dövrdə ixrac 6,4 faiz, idxal 15 faiz azalıb.

Sadalananlar müharibəyə qədər qeydə alınan göstəricilərdir. Müharibə amili ilə əlaqədar Etmənistan iqtisadiyyatında böhran əlamətləri bir qədər də gücləncək.

Sərmayə qoyuluşunda azalma baş verəcək, dövlət büdcəsinin gəlirləri azalacaq, xərclər isə müdafiə tədbirləri ilə əlaqədar olaraq artacaq. Proqnozlaşdırılır ki, müharibə bir neçə ay davam edərsə, Ermənistanın dövlət büdcəsindəki kəsir xeyli böyüyəcək və bu kəsiri maliyyələşdirmək üçün dövlətin xarici borcu artacaq.

2019-cu ilin sonuna Ermənistanın xarici borcu 11,4 milyard dollar olub ki, bunun da 5,8 milyard dolları xarici dövlət borcudur. Ötən ilin sonuna xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 42,5 faiz, adambaşına düşən xarici dövlət borcunun məbləği isə təxminən 1900 dollar təşkil edib.

Cari ildə daha Covid-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi, büdcə kəsrinin böyüməsi və milli valyutanın ucuzlaşması ilə bağlı gözləntilərin artması xarici dövlət borclanmasını bir qədər də artıracaq. Ermənistanda iqtisadi vəziyyət ağır olduğundan müəssisə və təşkilatlar xaricdən borc cəlb edə bilmir. Buna görə də xarici borcu ya dövlətin özü birbaşa cəlb edir, ya da dövlətin zəmanəti ilə müəssisə və təşkilatlar alır. Mövcud vəziyyət Ermənistan dövlətinin daha çox borclanmasını və daha çox zəmanət verməsini tələb edir.

2020-ci ilin ikinci rübündə rüblük iqtisadi artım ötən ilin müvafiq dövrünə nəzərən 13,7 faiz azalıb. Bunun nəticəsi olaraq vergi yığımları azalmış, iqtisadi aktivliyi dəstəkləmək üçün büdcə xərcləri artırılıb ki, bu da büdcə kəsrinin ÜDM-ə nisbətinin 2,25 faizdən 5 faizədək böyüməsinə səbəb olub. Büdcə kəsrinin böyüməsi yeni borcların cəlb edilməsini şərtləndiribr. 2020-ci ilin I yarımilində birbaşa xarici dövlət borcu 175 milyon dollar artıb.

Müharibə Ermənistanın acınacaqlı olan vəziyyətinin bir qədər də pisləşməsinə səbəb olacaq. Buna görə də hazırda rəsmi İrəvan yalnız hərbi deyil, həm də iqtisadi müstəvidə müharibə aparır. Pandemiya ilə əlaqədar zəifləyən iqtisadi dayaqların müharibə yükünə tab gətirəcəyi ehtimalı olduqca azdır.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR