Gülşən Cumayeva: “Peşəkar fəaliyyətimə 17 yaşımdan başlamışam” - MÜSAHİBƏ

Gülşən Cumayeva: “Peşəkar fəaliyyətimə 17 yaşımdan başlamışam” - MÜSAHİBƏ
Sfera.az "Uğurlu qadın” rubrikasının qonağı "Bank of Baku”nun Reklam və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Gülşən Cumayevadır. 
 
- Gülşən xanım, mümkünsə özünüz haqda oxucularımıza məlumat verərdiz... 
 

- Əslində baxanda bu çox sadə sualdır. Bu suala cavab olaraq adətən hər kəs ad, soyad və təhsili haqqında məlumat verir.

Ancaq mənim bu suala yanaşmam deyərdim ki, bir balaca fərqlidir. Sualın cavabını insanın özünü daxildə necə tanıması və xaricdə necə əks etdirməsi, yəni dolayısı yolla desək cəmiyyətdə özü haqqında formalaşdırmaq istədiyi fikrin güzgüsü kimi də dəyərləndirmək olar.  
Mən özümü daha çox həyatını "pozitiv, aktiv və kreativ ol” şüarı altında formalaşdıran, ən çətin vəziyyətdə belə nəticənin müsbət olacağına inamını itirməyən, cəmiyyət üçün daim faydalı olmağa çalışan dəyərlərinə və kökünə bağlı şəxs kimi təqdim edərdim.   

Hansı vəzifədə çalışmasından, harada olmasından asılı olmayaraq insan dəyişməzsə, daxilindəki "Mən”liyini - kimliyini qoruyub saxlaya bilərsə, demək ki, adını tam haqqı ilə daşıya bilir. 

 

Ənənəvi cavab tələb olunarsa, (gülür) hal-hazırda, "Bank of Baku”nun Reklam və İctimaiyyətlə əlaqələr departamentinin direktoru olaraq çalışıram. 31 yaşım var, bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində, magistr təhsilimi isə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) ingilis dili və ədəbiyyatı ixtisası üzrə almışam. Hər iki təhsilimi fərqlənmə, yəni qırmızı diplomla bitirmişəm və səmimi desəm bununla da, həmin dönəmdə çox fəxr edirdim. Peşəkar fəaliyyətimə elə məhz tələbəlik illərindən, 17 yaşımdan başlamışam. Artıq 14 ildir ki, fasiləsiz olaraq çalışıram. İlk iş yerim uşaq hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış Ümidli Gələcək Gənclər Təşkilatı/Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı olub. Çox gənc yaşlarımda həmin təşkilatın daxilində fəaliyyətə başlayan ölkəmizin ilk Uşaq Qaynar Xətt xidmətinin direktoru olaraq da fəaliyyət göstərmişəm. Daha sonra BMT-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqda Məşğulluğun və İnnovasiyanın inkişafı istiqamətində icra etdiyi "SYSLAB” layihəsində karyera üzrə məsləhətçi olaraq çalışmışam. Və artıq 7 ilə yaxındır ki, maliyyə və bank sektorunda, marketinq sahəsində, onun da son 4 ilini, Bank of Baku-da fəaliyyət göstərirəm. 

"Qadın özü öz uğuruna inanmalıdır”

- Üzdə olan xanımlardansız.  Sizcə cəmiyyətdə qadına uğur qazanmaq üçün nə lazımdır? 

- Uğur sadəcə 4 hərfdən ibarət olsa da, heç də səsləndiyi qədər sadə bir məfhum deyil. Onun arxasında böyük inam, zəhmət və sevgi dayanır. Mənə görə uğur ona inananlarındı, heç bir çətinliyə baxmadan qarşısına qoyduğu hədəfə inadkarlıqla addımlamağı seçənlərin və addımlarının nəticəsini pozitiv olaraq görənlərindi. Uğur neqativləri sevmir, əksinə kainata müsbət mesaj ötürənləri, o mesajın reallaşacağına inanıb əzmlə çalışanları, işinə sevgi qatanları sevir. Cəmiyyətdə bildiyiniz kimi, uğurlu insanlarla yanaşı, şanslı insanlar da var, necə deyərlər, qızıl bələkdə göz açanlar. Bu insanları şans daima izləyir, baxırsan ki, çox da əziyyət çəkmirlər, amma kifayət qədər də uğurlu olurlar. Lakin mən onlara uğur nümunəsi kimi baxmazdım, sadəcə şanslı deyərdim.
Şanslı insanlardan fərqli olaraq, uğurlu insanlar qarşılarına qoyduqları məqsədə pillə-pillə çatırlar. Uğura gedən yolda bəzən büdrəyə bilərlər, yıxıla bilərlər, amma özündə güc tapıb yenidən qalxmağı bacararlar. Qoyduqları hədəfə çatmaq arzusu, həmçinin yolun sonunda gördükləri işıq onları motivasiya edir və finiş xəttinə uğurla çatmalarına səbəb olur. Məhz buna görə də, düşünürəm ki, qadının cəmiyyətdə uğur qazanması üçün isə ilk növbədə özünün öz uğuruna inanması lazımdır. Daha sonra, bütün kainat ona inanacaq və istədiyi nəticəni qazanmasına kömək edəcək. 
 

 

 

"Heç vaxt kiməsə arxalanmamışam”

- Dediniz ki, 14 ildir ki, işləyirsiniz. 17 yaşından işləmək və eyni anda təhsil almaq çətin olmayıb?

- Çətin olmayıb desəm, yəqin ki, yalan olar. Mən də yalan danışmağı sevmədiyim üçün, səmimi deyim ki, çox çətin olub. Amma çətinliyi nə qədər çox olsa da, illər sonra qazandırdığı faydası daha çox olub. Siz də razılaşarsız ki, heç bir iş asan deyil. Nəsə qazanmaq istəyirsənsə, bəzən nədənsə imtina etməli olursan. Mən də əyləncələrimdən, gəzintilərimdən, istirahətimdən özümü məhrum edib, dərslərdən sonra evdə ingilis dilindən uşaq hazırlaşdırırdım, yay tətili dövründə bayaq adını çəkdiyim qeyri-hökumət təşkilatında könüllü fəaliyyət göstərirdim. Fərqli-fərqli proqramlara müraciət edib, seminarlarda, təlimlərdə iştirak edirdim. Qısacası, işimi şansa buraxmamışam və hansısa işimin həllində heç vaxt kiməsə arxalanmamışam. Ancaq hər zaman valideynlərimin mənəvi dəstəyini hiss etmişəm. Bəzən ən mümkünsüz işlərdə belə "Hər şey yaxşı olacaq, sən bacaracaqsan” deyən valideynlərim, mənə məndən çox inanan, məni mən edən atamın və bütün addımlarımda yanımda olan, dəyərlərimi formalaşdıran anamın özümə, bacarığıma inamlı şəxs kimi yetişməyimdə çox böyük rolları olub. 
 

 

Onu da qeyd edim ki, təhsil aldığım müddətdə uşaq hüquqları sahəsində 6 ay tam könüllü olaraq çalışmışam. İndiki dövrdə bu bir çoxları üçün qəbul edilməz olsa da, 6 ay pulsuz çalışdığım dönəm mənim inkişafımda böyük fayda verib. Heç bir iş təcrübəsi olmayan, utancaq bir qız olaraq işə başladığım o təşkilat mənim böyüməyimdə, həm şəxsi, həm də peşəkar bacarıqlarımın inkişafında əvəzsiz rola malik olub. Gənclərimizə üzümü tutub, demək istərdim ki, tələbəlik illərindən müxtəlif şirkətlərdə təcrübə proqramına qoşulun, biliklərinizi, bacarıqlarınızı artırın. Pul hamıya lazımdır, bunu çox gözəl anlayıram, bəlkə də həmin dövrdə hamıdan çox mənə lazım idi, amma inanın ki, qazanılacaq təcrübə heç bir pulla ölçüləcək deyil və gələcəkdə qazandığınız uğurlara zəmin yaradacaq.   

"İlk maaşın şirinliyi də şirin olur”

- İlk aldığınız maaş nə qədər olub?

İlk rəsmi işimdən qazandığım maaş 103 manat olub. O qədər sevinmişdim ki, ilk maaşın şirinliyi də şirin olur deyib, bir hissəsini evdəkilərə, digərini işdəkilərə konfet alıb paylamışdım. Qalanını necə xərclədiyim yadımda deyil (gülür). 
 

 

- Arzusunda olduğunuz vəzifəyə çatmısınız? 

- Hal-hazırda çalışdığım yerdən, tutduğum vəzifədən və gördüyüm işdən çox məmnunam. Amma siz də razılaşarsız ki, insan nəyəsə çatdığını hiss edirsə və gələcəklə bağlı heç bir istəyi, məqsədi yoxdursa, demək ki, artıq tükənib. Daim axtarışda, inkişafda olan insanın hansısa vəzifəyə bağlı olaraq qalması qeyri-mümkündür. Əgər çalışdığın iş və ya tutduğun vəzifə səni həyəcanlandırmırsa, hər günün monoton keçirsə, nə özünə, nə şirkətinə faydan dəymirsə, üstəlik daxildə tənəzzülə uğradığını hiss edirsənsə, demək ki, dəyişiklik vaxtıdır. Daha irəli gedib, daha böyük işlər görməyin tam zamanıdı. 
 
Mənim üçün tutduğum vəzifədən çox daşıdığım səlahiyyət önəmlidir, başqa cür desəm, vəzifənin mənə qazandırdığı səlahiyyət daha əhəmiyyətlidir. O, sənə müəyyən imkanlar yaradır ki, cəmiyyət üçün, insanlar üçün daha faydalı olasan, etmək istədiyin işləri daha rahat icra edəsən. Bəlkə də şablon səslənəcək, amma inanıram ki, hər kəsin bu dünyada bir missiyası var. Heç kəs boş-boşuna dünyaya gəlməyib. Nə vaxtsa gəldiyimiz kimi də bu dünyadan gedəcəyik, nə qədər ki, yaşayırıq cəmiyyət üçün, bəşəriyyət üçün nəsə etməliyik. Baxmayaraq ki, özüm heç də imkanlı ailədə böyüməmişəm, maddi baxımdan kifayət qədər çətinliklərimiz olub, hər zaman inanmışam ki, mənim bu dünyadakı missiyam ehtiyacı olanlara dəstək göstərmək, zəifləri müdafiə etmək, insanların həyatına müsbət dəyişiklik gətirməkdir. Vəzifə də bir növ açar funksiyasını yerinə yetirir ki, qazandırdığı səlahiyyətdən istifadə edib cəmiyyətdə etmək istədiyin dəyişiklikləri tətbiq edə biləsən.

- "Deputat olmaq arzum olub”

- Uşaqlıq arzunuz da bank sektorunda işləmək olub? 

- Xeyr. Uşaq dünyam tamamən fərqli olub, çox xəyalpərəst, saysız-hesabsız arzuları olan uşaq olmuşam. Adətən uşaqlardan soruşanda ki, böyüyəndə kim olacaqsan, əksəriyyəti həkim və ya müəllim deyir. Mənimsə arzum deputat olmaq olub  Millətimin vəkili olub, böyüyəndə, insanlara kömək etməyi düşünürdüm. Bu fikrin formalaşmasında əsas səbəblərdən biri, yaşadığımız məhləni süpürən beli əyilmiş yaşlı nənələrdən birinin ağır vəziyyətdə olmasına şahidlik etməyim olub. İndiyə kimi, onun vizualı gözümün önündən getmir, yaddaşımda çox ağır bir iz qoyub. Ümumiyyətlə, mənim üçün uşaqlar və qocalar ən həssas təbəqədir. 
 


- Deputat olarsınızsa, kimin fəaliyyətini özünüzə nümunə götürərdiniz?

Maraqlı sualdı(gülür). Səmimi desəm, ilk ağlıma gələn ad Qənirə xanım Paşayevadır, millət vəkili olaraq icra etdiyi fəaliyyəti çox təqdirəlayiqdir. Xalqa yaxınlığı, daima ehtiyacı olanın yanında olması, millətin səsi olaraq gördüyü ictimai və sosial işləri hər kəsin göz önündədir.

- Ölkənin ən aparıcı banklarından birində vəzifədəsiz. Neçə əks cinsin nümayəndəsi işçiniz var?

- Böyük "Bank of Baku” ailəmizin daxilində bizim 4-ü qadın, 1-i kişi olmaqla 5 nəfərdən ibarət kiçik ailəmiz var. Baxmayaraq ki, komandamız sayca balacadı, hər bir üzvü çox böyük potensiala və geniş ürəyə sahibdir. Gördüyünüz bütün işlərin demək olar ki hamısı departament daxili etdiyimiz birgə müzakirələrin əsasında formalaşan komanda işinin nəticəsidir. Bütün çətinliklərə baxmayaraq, ideyasını düşündüyümüz, icrasını etdiyimiz hər bir layihəmizə ürəyimizi qoyuruq, sevgi ilə yanaşırıq.  

 

Komandada baxmayaraq ki, 1 nəfər əks cinsin nümayəndəsi var, heç vaxt əməkdaşlar arasında qadın/kişi deyə fərq qoymamışam. Mənə görə işdə qadın/kişi yox, yaxşı və ya pis əməkdaş anlayışı var. 

"İcra etdiyim işi sevməsəydim bu şəxsi həyatıma  mane olardı”

- İşiniz şəxsi həyatınıza mane olmur? 

- Dostlarımdan, ailəmdən soruşsanız, onlar deyəcəklər ki, bəli mane olur. Çünki qeyri-iş günü olmasından asılı olmayaraq, tətilə və ya məzuniyyətə çıxmağına baxmayaraq adam 24/7 rejimində işinin başındadırsa, bu artıq onun həyatının bir hissəsinə çevrildiyi deməkdir. Kənardan bəlkə maneə kimi görünə bilər, ancaq bu hal insanın sevdiyi işlə məşğul olduğu zaman mümkündür. Məncə, insan sevdiyi işdə heç vaxt maneə görməz. İcra etdiyim işi sevməsəydim, o zaman bəlkə bu şəxsi həyatıma mane olur deyə bilərdim.
 

 


- Belə bir deyim var ki, bir qadın üçün ən önəmli vəzifə analıqdır. Bu fikirlə razısız?

- Bu hissi hələ yaşamamışam. Amma uşaqları sevən biri olaraq, əminliklə deyə bilərəm ki, qadın üçün ən ali zirvə həqiqətən də ana adıdır. Bu adı daşıyan və peşəkar fəaliyyətində çox uğurlu olan yüzlərlə, bəlkə də minlərlə xanım nümayəndəmiz gələcəyimizin sağlam mühitdə formalaşmasının əsas təminatçılarıdılar. 

"Qadınlar çox həssasdır və daima dəstəyə ehtiyacları var”

 - Deyirlər, hər uğurlu kişinin arxasında bir qadın durur. Bəs uğurlu qadının?

- Uğurlu kişinin arxasında qadınların dayanmasını kişilər özləri də etiraf edirlər. Məncə, düz də deyirlər (gülür). Belə bir deyim də var ki, "qadın istədiyi kişini vəzir də edər, rəzil də”. Artıq aksiomaya çevrilmiş qadın böyük qüvvədir fikri burda da öz təsdiqini tapır. 
Məncə uğurlu qadının arxasında isə elə özü dayanır. Özünəinamı, pozitiv düşüncəsi, əzmkar olması, riskdən qorxmaması və ən əsası yoğurduğu xəmirə qatdığı sevgisi sonda öz sözünü deyir. 
 

 

Amma bir şeyi də səmimi etiraf edim ki, biz qadınlar çox həssasıq və daima dəstəyə ehtiyacımız var. Mənəvi olaraq ailəmizin, sevdiklərimizin, bizə əziz olan insanların dəstəyini hiss etsək, daim yanımızda olduqlarını duysaq, bu bizi daha da ruhlandırar və daha böyük uğurlar qazanmamıza vəsilə olar. 

- Bankı qadın idarə edərsə, necə olar?

- Çox maraqlı sualdır. Bildiyiniz kimi, təkcə bütün dünyada deyil, ölkəmizdə də qadınlar hal-hazırda çox mühüm vəzifələrdə çalışır, vacib qərarların qəbulunda, icrasında yaxından iştirak edir. Düşünürəm ki, qadın iddialı olarsa, özünə inanarsa, bütün sahələrdə olduğu kimi bank idarəetməsində də uğurlu olar. Amma nəzərə alaq ki, qadınlar kişilərdən fərqli olaraq daha emosional olurlar. Bank idarəetməsi isə daha çox biznesyönümlü soyuq başla verilən qərarları sevir. Bəlkə də, elə ona görədir ki, dünyada fəaliyyət göstərən bankların 80%-dən çoxunun rəhbəri məhz elə kişilərdir (gülür).
 

AZXEBER.COM
 

OXŞAR XƏBƏRLƏR