Ermənistanda “sükut günü” – Seçkidən sonra sükutu silah səsləri pozacaq?

Ermənistanda “sükut günü” – Seçkidən sonra sükutu silah səsləri pozacaq?
Ermənistanda seçkiqabağı kampaniya bu gündən etibarən sona çatır. Artıq "sükut günü” elan olunacaq.

Maraqlıdır, seçki hazırlıqları ilə bağlı son vəziyyət nə yerdədir?

Politoloq Əlimusa İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistanda seçkiqabağı kampaniyanın aparılması zamanı ciddi qanun pozuntusunun olması haqqında namizədlərdən iradlar daxil olmayıb:

"Paşinyanın əsas rəqibi olan Robert Köçəryan öz imkanlarından maksimum istifadə edərək seçkiqabağı kampaniyasını təşkil edib. Seçicilərlə görüşü zamanı iqtidarda olan Paşinyan hökumətini Ermənistanı acınacaqlı vəziyyətə salmaqda günahlandıraraq hakimiyyətə gələcəyi təqdirdə, qısa müddətdə iqtisadiyyatda dönüşə nail olacağı haqda vədlər verib. Amma Köçəryanın verdiyi vədlərə artıq inanan yoxdur və onun insanlar arasında nüfuzunun yüksək olması haqda şişirdilmiş məlumatların verilməsinə baxmayaraq, Qarabağ erməni klanının yenidən hakimiyyətə gəlməsi qorxusu onu hakimiyyətə aparan yolda ən böyük maneədir. Ermənilər yenidən "Qarabağ bataqlığına” girmək istəmir və doğru olaraq bu bataglığdan ikinci çıxışları olmayacağını düşünürlər”.
 
Müsahibimiz seçki günü ciddi problemin yaşanmayacağını qeyd edib: "Hakimiyyət Avropa və Amerika qarşısında özünün demokrat imicini qorumaq üçün seçkilərə müdaxilə etməyəcək. Digər tərəfdən Paşinyan yeni qüvvə ilə hakimiyyətdə təmsil olacağına tam əmindir. Çünki əhalinin Qarabağ erməni klanına olan qəzəb və nifrətindən xəbərdardır. 100-150 minlik Qarabağdan olan insanların 2 milyon Paşinyan tərəfdarları qarşısında davam gətirmələrini düşünənlər yalnız fantastik əsərlərin müəllifləri hesab oluna bilərlər.

Deməli, növbədənkənar parlament seçkisində Nikol Paşinyanın böyük qüvvə ilə hakimiyyətdə yenidən təmsil olunması yolunda ciddi maneə yoxdur. Amma Robert Köçaryan və onun tərəfdarlarının uğradıqları məğlubiyyəti necə qarşılayacaqları haqqında heç kim proqnoz verə bilmir. Onlar seçkinin saxtalaşdırıldığını iddia edə, insanları mitinqə çağıra, hətta vətəndaş qarşıdurmasına qalxa bilərlər. Digər tərəfdən, Paşinyanın yenidən hakimiyyətə qayıdışına Rusiyanın olacaq reaksiyası da məlum deyil. Hər halda seçkinin baş tutmasını gözləməkdən başqa yol yoxdur”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR