Erməni mətbuatı dünyanın onlardan üz çevirdiyini ETİRAF ETDİ

Erməni mətbuatı dünyanın onlardan üz çevirdiyini ETİRAF ETDİ

Tanınmış erməni şərhçi Qraçya Qalustyan "Armenian Report” agentliyində dərc edilmiş məqaləsində Rusiyanın növbəti dəfə erməni xalqına xəyanət etdiyini iddia edib.

 

Sfera.az aqoniya vəziyyətində yazıldığı hər sətirindən bəlli olan yazını oxucularına təqdim edir:

 

***

 

Bir əsr əvvəl olduğu kimi, bu gün də Avropanınaparıcı dövlətləri növbəti soyqırım təhlükəsi ilə üzləşən erməni xalqının əzablarına qarşı kar və kordur.

 

Tarix təkrarlanır. Erməni xalqı növbəti dəfə bir sıra dünya dövlətləri və xalqlarının xəyanətinin və namərdliyinin qurbanı oldu. Dünyadakı bütün azadlıqsevər və ləyaqətli insanların şüuruna və qəlbinə yol tapmağı bacardığımız üçün onlar tarixən bizi özlərinə rəqib sayıblar. Bu gün də vəziyyət eynidir. Utanc hissindən məhrum vicdansızlar meydan sulayır.

 

Sadə bir məqamı xatırlamaq kifayətdir - erməni xalqının milli azadlıq mübarizəsi rus xalqının, Rusiyanın köməyinə söykənirdi. Amma II Nikolay hökuməti Sultan II Əbdül-Həmidin 1894-1896-cı illərdəki antierməni siyasətinə gözlənilməz laqeydliklə yanaşdı. Nəticədə II Nikolayın özü devrildi və ailəsi ilə birlikdə məhv edildi. Tarix onunla hesablaşdı, amma bu xalqımızı xilas etməyə çatdırmayan gecikmiş qisas idi.

 

O zamana qədər Osmanlı Türkiyəsi artıq dünya tarixində ilk soyqırımı həyata keçirmişdi. Nə yazıq ki, bütün rus ziyalılarının, bütün Bəyaz Hərəkatın bu dəhşətli cinayətdə özünü günahlandırması, yalnız erməni olduğu üçün məhv edilmiş bir milyon yarım ermənini xilas etmədi. Təəssüf ki, bu gün də eyni mənzərəni müşahidə edirik.

 

Rus xalqının vicdanı, Şenderoviç və Solovyov, Xodorkovski və Jirinovski, Latınina və Kazarnovskayanın timsalında bağırır ki, hazırda bütün dünyanın gözü qarşısında erməni xalqının ikinci soyqırımı baş verir, özü də bu dəfə Türkiyə Azərbaycanla müştərək və bütün beynəlmiləl terrorçu qüvvələrin dəstəyi ilə bu dəhşətli cinayəti həyata keçirir.

 

Putin isə susur. Halbuki, onun bizə rəsmi kömək göstərmək üçün hər cür imlkanları var. Onun köməyi Türkiyə-Azərbaycan tandemini çökdürməyə, qan dəryasında boğmağa yetər. Putin Rusiyanın Ermənistanla tarixi müttəfiqliyini, bizmlə bağlı üzərinə götürdüyü öhdəlikləri yada sala bilərdi. Amma o bizə xəyanət etdi.

 

Bunun arxasında nə dayanır? Ola bilsin, Türkiyə ilə qarşıdurma qorxusu. Bəlkə də Belarus və Ukrayna başını qatıb, ya da illər öncə keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin polkovnik-leytenantı olan Volodya Putin qarşısında əsim-əsim əsdiyi general Heydər Əliyev qarşısındakı hansısa öhdəliklərə görə bizdən üz döndərib, bəlkə də başqa səbəblər var. Amma sonucda bunların heç birinin əhəmiyyəti yoxdur. Çünki əlimizdə Putinin xalqımıza qarşı törədilən soyqırımına müdaxilə etməməsi faktı var.

 

Tarix mütləq təkrarlanacaq və Putin II Nikolayın taleyini yaşayacaq. Onu da istisna etmirəm ki, Putin Rusiyasını da Çar Rusiyasının taleyi gözləyir. Hakimiyyətə yenidən şvonderlər gələcək. Yenə də imperiyanın çöküşü, aclıq, vətəndaş müharibəsi olacaq. Amma bu da tarixi baxımdan qanunauyğun olacaq. Çünki tarixin təkrarlanmaq ənənəsi var.


Almaniyanın rüsvayçı hərəkətlərinə nəzər salanda bunu bir daha xatırlayırsan. Digər Avropa ölkələri kimi, o da bir sıra iqtisadi səbəblər və qeyri-qanuni immiqrasiya qorxusu üzündən AB-nin Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsinə qarşı çıxdı. Yunan tərəfi həmçinin Türkiyəyə silah satışına embarqo qoyulması təklifini də irəli sürdü, amma bu əvvəlki təkliflər siyahısına daxil edilmədi.

 

Kayzer Almaniyasının sultan hökümətinin anti-erməni siyasətini dəstəklədiyini necə xatırlamamaq olar?! Buna səbəb isə anti-erməni siyasətinin qınanmasının alman kapitalistlərinin Yaxın Şərqdəki genişmiqyaslı planlarını təhlükə altına atması idi. Qəribəsi odur ki, az sonra Almaniyanın özü bəşər tarixində ən dəhşətli müharibəni başladan faşistlərin hakimiyyətə gəldiyi bir ölkə oldu.


Nəhayət,Böyük Britaniyaya nəzər salaq. Bir əsr əvvəl İngiltərə hökuməti Osmanlı İmperiyasındakı erməni əhalisinin vəziyyətini yüngülləşdirmək üçün heç bir iş görmədi. Üstəlik, İngiltərə hökuməti ermənilərin vəziyyətindən sultana təzyiq vasitəsi kimi istifadə etdi, ondan yeni siyasi və ərazi güzəştləri istədi.


Beləliklə də, Osmanlı İmperiyası İngiltərə hakimiyyəti üçün arena rolunu oynayırdı. Həmin arenada London diplomatları baş nazir Solsberinin "parlaq təcrid” doktrinasını həyata keçirərək, Avropa dövlətləri arasındakı ziddiyyətlər üzərində uğurlu siyasi oyunlar qurmuşdu.

 

İndi də eyni proseslər baş verir. Böyük Britaniyanın xarici işlər naziri Türkiyəni Londonun müttəfiqi adlandırıb. Özü də Türkiyənin yeni erməni soyqırımında iştirak etdiyi bir zamanda!

 

Dünya dövlətlərinin mövqeyi budur. Bizim isə həmin dövlətlərin fəlakətlər, qan, xaos və qorxu girdabına yuvarlanmasını gözləməkdən savayı çarəmiz yoxdur.

 

QEYD: Məqalədən də göründüyü kimi erməni mətbuatı artıq acı məğlubiyyəti etiraf etmək zorunda qalıb. İndi isə acınacaqlı durumlarına gətirib çıxarmış yanlış siyasətlərini saf-çürük etməkdənsə, bütün dünyanı borclu çıxarmağa cəhd edirlər. Dünya isə buna təəccüblənmir - çünki bu, hamımızın dəfələrlə qarşılaşdığımız erməni həyasızlığının növbəti təzahüründən başqa heç nə deyil. 


(//armenianreport.com/ru/pubs/262072/?fbclid=IwAR0G0NBE6gn-wH2FhAoiODvlHd03_SSpx-ywaFyi3XUBqTRKQNjHh1H_tuo)

 

Tərcümə etdi: Selcan

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR