ELMARIN 17 ANI - Məmmədyarovun baharını qışa çevirən səbəblər
Elmar Məmmədyarov 2004-cü ildən Azərbaycanın xarici siyasət institutuna rəhbərlik edir. Nazir postunda olduğu müddət ərzində ən sərt polemikalar zamanı belə yumşaq ritorikası ilə seçilən Məmmədyarov hücum diplomatiyasının "axsaq əsgəri” kimi xarakterizə edilib. Ona çox şeyi bağışlamaq olar və bağışlayıblar. Bəzən yumor hissinə görə, bəzən Lavrov ilə "dostluğuna” görə, bəzən isə sadəcə yaxşı "oğlan” təəssüratı bağışladığına görə... Təmsil etdiyi dövlətin dilini bilməməsini də, rəhbərlik etdiyi XİN-də bacarıqlı diplomatları öz çevrəsi ilə əvəzləməsini də...
Uzun illər ərzində haqqındakı bütün tənqidlərə baxmayaraq toxunulmaz qalıb.
Qorunub, gözləntiləri doğruldacağına ümidlər bəslənib. Bəzən
nəsə etməyə çalışıb... Lakin Rusiyanın Baş naziri olmuş Viktor Çernomırdin
demişkən "yaxşısını etmək istəyirdik, lakin həmişəki kimi alındı”...
Elmar Məmmədyarov ona bəslənən ümidlərin bacarıqlı qatili olaraq müsbətə doğru
dəyişməyəcəyini, dəyişmək istəmədiyini sərgiləyib. Bir tərəfdən özü istəməyib,
digər tərəfdən o zamanlar Prezident Administrasiyasında çalışan Novruz Məmmədov
buna nəzarət edə bilməyib. Novruz Məmmədovun xarici siyasətimizə
vurduğu zərbə haqqında növbəti yazımızda.
Nəticə göz önündədir. Düşmənlərimizlə aparılan diplomatik savaşın ön cəbhəsinə
çevrilməli olan XİN korrupsiya və rüşvət yuvasına çevrildi.
Qəhrəmanımız bu postda 1999-cu ildən bu vəzifəni yerinə yetirən Vilayət
Quliyevi əvəzləyib.
16 illik karyerasının sonunu gətirən 17 səbəb.
Təbii ki, Elmar Məmmədyarovun bacarıqsız diplomat imicinin yaradılması
yanlışdır. Sadəcə məsələ odur ki, yaxşı sıravi diplomat olan Elmar Məmmədyarov
XİN rəhbəri kimi son illər durmadan geriyə getdi. Son günlərə qədər
"təmiz və korrupsiyaya bulaşmamış” nazir imici onun ən böyük üstünlüyü
sayılırdı. Amma açıqlanan və tutarlı şəkildə təkzib olunmayan son faktlar Elmar
Məmmədyarovun bu üstünlüyünü əlindən almış oldu. İndi XİN rəhbəri ona tuşlanmış
ittihamlar qarşısına əliyalın çıxmağa məcburdur.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) XİN-də həyata keçirdiyi anti-korrupsiya
əməliyyatı isə Elmar Məmmədyarovun onsuz da təmiz olmayan nazir reputasiyasına daha tünd dəlillər əlavə etdi.
İctimaiyyətə bu mövzu maraqlı olduğundan Elmar Məmmədyarovun qürubunu gətirən
səbəblər toplusuna göz atmağın daha faydalı olacağı düşüncəsindəyik.
Beləliklə...
1. Elmar Məmmədyarov rəhbərlik etdiyi qurumda sözün əsl mənasında anarxiya
yaradıb. Elə bunun nəticəsidir ki, XİN-də nazir müavinləri arasında davam
edən küsülülüyə görə vacib sənədlər aylarla imzalanmamış olaraq qalır. XİN
fəaliyyəti iflic olur.
2. XİN-də idarəçilik o səviyyədə bərbad hala gətirilib ki, hətta ən
yüksək səviyyədə tövsiyyə edilən səfir təqdimatlarının təyinatı Elmar
Məmmədyarov tərəfindən məqsədli şəkildə uzadılır və bəzən sonradan məsələnin
üzərindən keçilir.
3. Elmar Məmmədyarovun təcrübəli diplomatlara qarşı kini isə ümumiyyətlə
anlaşılan deyil. Kifayət qədər nüfuzlu diplomatlarımızın hərəsi bir cür
"zərərsizləşdirilib”. Bəziləri ümumiyyətlə sıradan çıxarılıb, bəziləri isə uzaq
ölkələrə təyin edilərək unutdurulub.
4. Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi,
keçmiş Xarici İşlər Nazirinin müavini Vaqif Sadıqovun və Xarici İşlər Nazirinin
müavini Araz Əzimovun həyata keçirdiyi mütərəqqi kadrların irəli çəkilməsi
prosesi dayandırılmışdır. Əvəzində nə baş verir? Kadrlar yalnız nazirin
köməkçiləri və yaxın ətrafından seçilir. Təcrübəli diplomatlar diqqətdən kənar
qalır.
5. Xarici ölkələrin Azərbaycana fəxri konsul təyininatında da Elmar
Məmmədyarovun özəl maraqları təmin olunmalıdır. XİN rəhbərinin marağı təmin edilmədən
bu yöndə hansısa addım atmaq mümkünsüzdür. Əgər XİN rəhbərinin maraqları
təmin edilməyibsə təqdim edilən etimadnamələr qəbul edilmir və Azərbaycanla
həmin ölkələr arasında münasibətlər soyuyur.
6. Qurumun ayrı-ayrı strukturlarına nəzarətsizlik o həddə çatıb ki, son illər
XİN əməkdaşları texniki təminat baxımından ciddi sıxıntılarla üzləşiblər. Kompüterlər
yenilənmir, hətta bəzən İşlər İdarəsindən adi A4 kağızını almağın özü böyük söz
söhbətə səbəb olur. XİN əməkdaşlarının maddi-texniki təminatı
ikinci plana atılıb.
7. Fəxri
Konsulların etimadnamələri qəbul edilərkən qırmızı nömrələrə meyl edən
"gənc oliqarxlara" üstünlük verilir. Bu halda onların diplomat kimi
bacarıq və vərdişləri ümumiyyətlə nəzərə alınmır.
8. XİN xaricdəki diplomatlarını qorumaq gücündə və istəyində deyil. Adi
bir misal: Hazırda Afrika ölkələrinin birində fəaliyyətdə olan səfirimiz
qanunsuz olaraq oranın Polis idarəsinə aparılır, hətta zorakılığa məruz qalır.
Azərbaycan XİN nədənsə susmağa üstünlük verir.
9. Diplomatlar xarici ölkələrdə xidmətini başa vurub döndükləri zaman isə XİN
onların adi və qanuni haqqlarını belə müdafiə etmir (Məsələn, avtomobil
gömrüklənməsi zamanı) Əksinə diplomatlara bu haqlarından istifadə etməmək tövsiyyə edilir.
10. XİN-də "işdə məhəbbət məcaraları” geniş yayılıb. Bu özünü nazirlikdə
kadrların irəli çəkilməsi zamanı da göstərir. Bir çox hallarda vəzifələrə
rəhbər işçilərin qohumları, bəzən hətta sevgililəri irəli çəkilir.
11. Azərbaycanın haqq mövqeyinin beynəlxalq səviyyədə müdafiə edilməsində,
xüsusilə milli maraqlarımızın lobbiçiliyində tutarlı prinsipiallıq nümayiş
edilmir. Xarici mətbuatda Azərbaycan maraqlarının əleyhinə yönəlmiş
yazılara qarşı müntəzəm və sistemli yazılara rast gəlinmir.
12. Dağlıq Qarabağla bağlı danışıqlarda Ulu Öndər Heydər Əliyev tərəfindən
böyük etimad göstərilmiş Qarabağ məsələsi üzrə Prezidentin xüsusi nümayındəsi
Araz Əzimov oyundan kənar vəziyyətə salınıb. Görünür, Araz Əzimovun ermənilərə
qarşı dik duruşu və bu səbəbdən ona rəğbət göstərilməsi Elmar Məmmədyarovun
qısqanclığına səbəb olub.
13. XİN-in ayrı-ayrı vəzifəli şəxsləri, o cümlədən əməkdaşlarının ofşor
hesablarının üzə çıxması ilk dəfə rastlaşılan hal deyil. Nazirin özünün və
yaxınlarının adlarının da bu kimi neqativ proseslərdə hallanması isə artıq
dözülməzdir.
14. XİN-də sanki Azərbaycan dilinə qadağa qoyulub. Diplomatlar istər
xarici ölkələrdə öz aralarında, istərsə də nazirliyin koridorlarında bir-birilə
adətən yad dillərdə danışırlar. Əgər diplomatlarımızın özləri Ana dilinə
hörmətsizlik edirsə xarici vətəndaşlardan dilimizə hansı hörməti gözləyə
bilərik?
15. XİN əməkdaşları üçün inşa edilmiş binanın xərcləri, orada mənzil bölgüsü
barədə ciddi suallar doğuran məsələlər illərdir ki, müzakirə mövzusudur. Bununla bağlı ciddi araşdırmanın aparılmasına ehtiyac var.
16. Ayrı-ayrı illərdə XİN-in fəaliyyətindən narazı qalmış, o cümlədən
karyerasının önünün kəsildiyini düşünən təcrübəli diplomatlar XİN-i tərk
edib. Onlar başqa peşələrə, bəzən isə başqa ölkələrə üz tutmaq
məcburiyyətində qalıblar.
17. XİN-i nepotizm bürüyüb. Eyni nazirlikdə işləyən bacı-qardaş,
yeznə-qayına, ər-arvada yüksək vəzifələrin verilməsi, yüzlərlə təcrübəli diplomatın isə
diqqətdən kənarda qalmasını görürük.
Zəruri qeyd: XİN Azərbaycanın apardığı haqq mübarizəsində ÖN CƏBHƏ
sayılır. Ön cəbhədə müşahidə edilən bu məsuliyyətsizlik və yarıtmazlıq isə
cəzasız qalmamalıdır.
Yeri gəlmişkən, bu gün - 9 İyul Azərbaycan diplomatlarının Peşə Bayramıdır.
Diplomatlarımızı təbrik edir və onların hər birinə bilik və təcrübəsinə layiq
karyera arzulayırıq.
Sfera Analitika Qrupu