“ƏDV geri al” faizləri artırılacaq? – “Bu məsələyə baxıla bilər”
12:14 / 18.05.2021
3250
Azərbaycanda bir ildir ki, "ƏDV geri al” qaydası tətbiq
edilir. Bu
qaydaya əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət və
ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları
istisna olmaqla) görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılır. Qaydalara görə,
nağdsız ödənişlər üzrə ƏDV-nin 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi həcmində
məbləğ istehlakçıya geri ödənilir.
ƏDV-nin
geri qaytarılması üçün sahibkar ƏDV ödəyicisi olmalı, ticarət və ya iaşə obyektində
yeni nəsil nəzarət-kassa aparatları mövcud olmalıdır. İstehlakçı yeni nəsil nəzarət-kassa
aparatlarından çıxarılan çekləri toplayaraq, xüsusi proqram təminatı olan
bazaya daxil etməklə ƏDV ödənişlərinin bir hissəsini geri ala bilir.
Sfera.az
bildirir ki, "ƏDV geri al” tətbiqinə maraq artmaqdadır və istehlakçıların əksəriyyəti
ödəniş çeklərini toplayır. Lakin hələ də çox sayda istehlakçı kassa çeklərini götürmür
və bununla da dövriyyə əməliyyatlarına istehlakçı nəzarəti təmin edilmir. Müşahidələr
göstərir ki, bəzi istehlakçının çekləri götürməməsinin səbəbi ƏDV ödənişi üzrə geri
qaytarılan faizin onları qane etməməsidir.
Bəs,
ƏDV üzrə geri ödənilən faizi artırmaqla istehlakçılarda kassa çeklərini
toplamağa marağı bir qədər
də artırmaq
olarmı?
İqtisadi
Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev
hesab edir ki, ƏDV üzrə geri qaytarılan faizlərin artırılması üçün istehlakçı
marağı ifadə edilməlidir. Onun fikrincə, belə bir istək olarsa, buna baxıla bilər.
R.Atakişiyev
xatırlatdı ki, "ƏDV geri al” proqramının həyata keçirilməsində məqsəd
istehlakçıya pul qazandırmaq deyil. "Bu tədbirin həyata keçirilməsinin əsas məqsədi
qeyri-rəsmi işləyən, əməliyyatlarını rəsmiləşdirməyən obyektlərin üzə çıxarılmasıdır”,
- deyən ekspert söylədi ki, bu proqramı tətbiq etməklə obyektlərdə kassa
aparatlarının və POS-terminalların quraşdırılmasında ciddi irəliləyişə nail
olunub.
Onun
müşahidələrinə əsasən, "ƏDV geri al”ın tətbiqi rəqabəti də gücləndirib: "Bəzi
istehlakçılar ticarət və ya iaşə obyektini seçən zaman kassa
çeklərinin verilib-verilməməsini nəzərə alır. Buna görə də Bakı və Bakı ətrafında
çoxlu sayda ticarət və iaşə obyekti müştərini cəlb etmək üçün məcbur qalıb yeni
nəsil kassa aparatları və POS-terminallar quraşdırıb. Sahibkar müştərini itirməmək
üçün bunu edib. Geri
ödənilən faizlərin artırılması ilə bağlı istək əhalidən gəlməlidir. Hazırda faizlər
istehlakçıları qane edir”.
İqtisadçı-ekspert Rəşad
Həsənov isə Sfera.az saytına açıqlamasında deyib ki, ƏDV üzrə ödənişlərin
geri qaytarılması mexanizmi təkmilləşdirilməlidir.
İstehlakçıların kassa əməliyyatlarına
nəzarəti gücləndirmək üçün geri ödənilən faizlər artırılmalıdır.
R.Həsənovun
fikrincə, nağd dövriyyə üçün geriödəmə faizi 25-ə, nağdsız ödəmə üçün 35 faizə
çatdırılmalıdır. Onun sözlərinə görə, bu halda insanlar prosesdə daha aktiv
iştirak edəcək, rəsmiləşdirilən dövriyyənin həcmi artacaq: "Geriödənişin
faizinin artırılması insanların gəlirini artırmaqla bərabər, hökumətə iqtisadi
dövriyyə nəzarəti gücləndirmək imkanı verəcək, iqtisadiyyatda leqallaşma vəziyyəti
daha da yaxşılaşacaq”.
Vasif