Ərdoğan: \"150 saat bitəndə sərhədimiz terrorçulardan təmizlənməsə...\"
18:52 / 26.10.2019
16873
"Sərhədlərimizdə tarixi hadisələr yaşanır. Sərhədlərimizdən ölkəmizə gələn terror təhlükəsizini yox etməyə çalışırıq. Suriyadan ölkəmizə yönələn PKK, YPG və İŞİD hücumlarının qarşısını almaq məqsədilə təhlükəsiz bölgə yaratmaq üçün lazımı addımlar atırıq. Böyük ölçüdə hədəfimizə çatmışıq. 150 saat bitəndə sərhədimiz terrorçulardan təmizlənməsə, bu işi biz görəcəyik, buranı terrorçulardan təmizləyəcəyik".
APA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, ABŞ 120 saatın sonunda bölgənin YPG-dən təmizləndiyinə dair onlara yazılı məlumat versə də, təmizləyə bilməyiblər: "ABŞ "Bölgəni YPG-dən təmizlədik" dedi, amma təmizləməyiblər. İndi də Rusiya ilə razılıq əldə etmişik. Türkiyə terrorçuları əzib, məhv etmək gücündədir".
Ərdoğan ABŞ və Qərbin ünvanına tənqidləri davam etdirib: "Bunlar həm də yalançıdırlar, dürüst deyillər. Avropa İttifaqı suriyalı qaçqınlara maliyyə yardımı edəcəyini dedi, amma etmədi. Biz isə artıq 40 milyard avro xərcləmişik. Bizə "layihələrinizə baxacağıq" deyirlər. Nə layihəsi? Biz işi bitirmişik. Onlarınkı ancaq yalandı, doğru danışmırlar. Tel Abyad və Rəsulayn arasında qaçqınların yaşaya biləcəyi hər cür şəraitli evlər tikib, dünyaya göstərəcəyik. Qaçqınları geri qaytara bilməsək, Avropaya qapıları açmaq məcburiyyətindəyik".
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Vladimir Putin arasında oktyabrın 22-də Soçidə keçirilən görüşdə Suriyanın Türkiyə ilə həmsərhəd zonasında 340 km uzunluğunda 30 km dərinliyində ərazinin PKK/YPG terrorçularından təmizlənməsi barədə razılıq əldə olunub. Bunun üçün 150 saat vaxt verilib.
Sfera.az