İsveçrə Gülnarəyə görə 555 milyonu Özbəkistana qaytarmadı
İsveçrə hökuməti mərhum Prezident İslam Kərimovun qızı Gülnarənin işi üzrə əlaqəli 555 milyon dolları Özbəkistana geri qaytarmağı dayandırıb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə hazırda Özbəkistanda Zanqiota koloniyasında saxlanılan Kərimovanın vəkili Qreqoru Manja tvitter mikrobloqunda məlumat verib.
"İsveçrənin Federal Cəza Məhkəməsində (1 iyul) üçüncü böyük qələbə. 555 milyon dolların geri qaytarılması dərhal dayandırıldı”, - deyə Manja yazıb.
Onun fikrincə, pul köçürmələrinin dayandırılması Gülnarənin koloniyada səhhətinin pisləşməsi ilə əlaqədardır.
Özbəkistanın rəsmi şəxsləri hələ ki, bu informasiyanı şərh etməyiblər.
Xatırladaq ki, 2013-cü ilin oktyabrında Özbəkistanda Gülnarə Kərimovaya qarşı 2001-2013-cü illərdə cinayətkar qruplaşmanın tərkibində xərac toplama və vergidən yayınma ittihamları üzrə cinayət işi açılmış, 2015-ci ilin avqustunda məhkəmə onun haqqında 5 illik azadlıqdan məhrumetmə hökmü çıxarmışdı. 2017-ci ildə isə Özbəkistan Prokurorluğu Kərimovaya qarşı bir sıra ittihamlar üzrə istintaqın davam etdiyini bildirərək onun haqqında həbs qətimkan tədbiri seçmişdi. Hər iki cinayət ittihamı üzrə dəyən zərərin məbləği 2 milyard dollar göstərilib. Qruplaşmanın 12 ölkədə, o cümlədən Rusiyada 1,5 milyard dollar məbləğində səhmlərinə həbs qoyulub.