“7 iyuldan etibarən istədiyimiz qədər uran istehsal edəcəyik” - Həsən Ruhani
İran 7 iyuldan etibarən uranın zənginləşdirilməsi səviyyəsini artıracaq.
Sfera.az "Sputnik”ə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Nazirlər Şurasının iclasında danışıb.
O, deyib ki, 7 iyuldan sonra uranın zənginləşdirilməsi səviyyəsi 3.67% faizdən yüksək olacaq:
"Bununla bağlı tərəddüdü bir kənara qoyub istədiyimiz qədər uran istehsal edəcəyik. Yenə təəssüflə qarşılayacaqsız, buyurun qarşılayın”.
Ruhani həmçinin qeyd edir ki, zənginləşdirilmiş uran ehtiyatı ilk dəfə olaraq 300 kiloqramlıq limiti keçib və bu artım davam edəcək.
Qeyd edək ki, Həsən Ruhani nüvə sazişinə sadiq qalan ölkələrə müraciət edərək müqaviləni qorumaq üçün 60 gün vaxt vermişdi. O bildirmişdi ki, sazişin 26-cı və 36-cı maddələrinə əsasən, embarqoların yenidən bərpa edilməsi və ya tərəflərdən birinin öhdəliyi yerinə yetirmədiyi halda İran nüvə anlaşmasındakı öhdəliklərin hamısından və ya bir qismindən çıxa bilər.