ABŞ ərəb ölkələrinə 8,1 mlrd. dollarlıq silah satır
Donald Tramp administrasiyası "İran zorakılığının qarşısını almaq” məqsədilə ABŞ Konqresinin razılığı olmadan ərəb ölkələrinə 8,1 milyard dollarlıq silah satışına qərar verib.
ONA-nın "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət katibi Mayk Pompeonun açıqlamasında deyilir.
"Bu gün mən departamentdə İran zorakılığının qarşısının alınması və müttəfiqlərin özünümüdafiə gücünün artırılması məqsədilə İordaniya, BƏƏ və Səudiyyə Ərəbistanına təxminən 8,1 milyard dollar dəyərində silahın çatdırılmasına dair icra olunmamış 22 razılıq haqqında rəsmi bildirişlərlə bağlı işlərin tamamlanması üçün göstəriş vermişəm”, - dövlət katibinin açıqlamasında belə deyilir.
Pompeo qeyd edib ki, silah tədarükünün yubadılması silahlanma sisteminin vəziyyətinə mənfi təsir edə bilər. Ona görə də ABŞ Konqresinin geniş müzakirələrinə ehtiyac duyulmayıb. O, həmçinin dövlət katibi kimi fövqəladə hüququndan yalnız bir dəfə istifadə etməli olduğunu vurğulayıb.