Rusiyanın daha bir qorxunc raketi: ABŞ-ı 5 dəqiqəyə məhv edə bilər

Rusiyanın daha bir qorxunc raketi: ABŞ-ı 5 dəqiqəyə məhv edə bilər
Rusiya prezidenti Vladimir Putin ötən gün Federal məclis qarşısında hesabat xarakterli çıxışı zamanı Qərblə hərbi qarşıdurma ritorikasından çıxış edib və ABŞ-ı təhdid edib. Xəbər verildiyi kimi Putin bildirib ki, ABŞ-ın Avropada raketdən müdafiə sistemlərini yerləşdirməsinə, yaxın və orta mənzilli raketlərə dair Müqavilədən çıxmasına cavab olaraq Rusiya özünün hipersəs sürətli yeni raketlərini birbaşa Vaşinqtona, "qərar qəbul edilən mərkəzlərə” tuşlayacaq. Putinin sözlərinə görə belə raketlər cəmi 10-12 dəqiqəyə hədəfə çatacaq və bu səbəbdən ABŞ-da qərar verməzdən əvvəl həmin raketlərin sürətini, məsafəni hesablasalar yaxşı olar.

Putin ötən il ilk dəfə açıqladığı "Avanqard” qanadlı döyüş bloku, "Poseydon” nüvə mühərrikli torpedosu və digər silahları xatırlatmaqla Rusiyanın daha bir dağıdıcı silah üzərində işlədiyini bildirib. Bu, gəmilərdən buraxılan "Sirkon” raketləridir.

"Bax indi biz yastığımızın altında daha nə olduğu barədə yavaşca danışacağıq. Bu, daha bir perspektiv silahdır ki, onun üzərində iş uğurla gedir və planlaşdırılmış müddətdə onun işlənib hazırlanması başa çatacaq. Mən hipersəs sürətli "Sirkon” raketindən danışmaq istəyirəm”-Putin deyib.

Rusiya prezidentinin sözlərinə görə, bu raketin sürəti 9 Max ədədi (1 Max=1225.04 km/saat) təşkil edir və hədəfi min kilometr məsafədə vura bilir. Həmin raketlərlə Rusiya donanmasının sualtı qayıqları və gəmiləri təchiz ediləcək.

Əslində "Sirkon” raketinin sınaqları hələ 2016-cı ildə başlanmışdı və Rusiya hərbi-sənaye kompleksindəki mənbələr raketin sürətinin o vaxt 5-6 Max ədədi təşkil edəcəyini bildirmişdilər. Açıqlanmışdı ki, həmin raketlər beşinci nəsil atom sualtı qayıqlarında yerləşdiriləcək. Raketin işlənib hazırlanması ilə "Maşınqayırma Elm İstehsalat Birliyi” məşğul olur.

İstefada olan kontr-admiral Vsevolod Xmırov Putinin çıxışını şərh edərkən deyib ki, "Sirkon” raketləri cəmi 5 dəqiqəyə ABŞ-ın mühüm komanda mərkəzlərini məhv edəcək. "Sakit okeanın Şərq hissəsində və Qərbi Atlantikada döyüş xidməti həyata keçirən, "Sirkon” raketləri ilə təchiz olunan sualtı qayıqların və gəmilərin sayı hər istiqamət üzrə iki-üç gəmi təşkil edə bilər. Hər gəminin göyərtəsində 40-a qədər "Sirkon” raketi olsa heç bir şübhə yeri yoxdur ki, göstərilən komanda mərkəzlərinin məhv edilməsi qarantiya altında olacaq”-o deyib.

Xmırov deyib ki, Şərqi Avropada yerləşdirilmiş ABŞ raketlərinə komanda Şimali Amerikadan veriləcək, Rusiyanın "Sirkon” raketləri isə nəinki Avropada həmin raketlərin özünü, eləcə də Ştatlarda onlara komanda verilən qərargahları məhv edəcək.

Əgər "Sirkon” raketi ilə silahlanmış sualtı qayıq ABŞ sahilinə 500 kilometrə qədər yaxınlaşsa sahildən 500 kilometr məsafədəki obyektləri vura biləcək. Raket cəmi 5 dəqiqəyə hədəfə çatacaq və kontr-admiralın bildirdiyi kimi bu müddət ərzində onu aşkar etmək olar, amma vurmaq mümkün deyil. "Belə raketlər istənilən hava və raket hücumlarından müdafiə sistemlərini dəf edəcək, onlara qarşı heç bir müdafiə mövcud deyil”-Xmırov bildirib.Virtualaz.org

OXŞAR XƏBƏRLƏR