"Paşinyan bizi uzunmüddətli müharibəyə sürükləyir"
Dünya
11:25 / 04.02.2019
2238
Nikol Paşinyanın Ermənistanın sülh müqabilində ərazilər qətnaməsini müzakirə etməyəcəyinə dair təxribatçı açıqlamasına reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq bəyan edib ki, Paşinyanın belə bir mövqeyini danışıqlar prosesindən imtina etmə halı kimi qiymətləndirmək lazımdır.
Lakin Paşinyanın təxribatçı açıqlaması azmış kimi onun mətbuat katibi Vladimir Karapetyan erməni KİV-lərinə verdiyi müsahibəsində qeyd edib ki, Ermənistan öz payı üzrə danışıqlar prosesində iştirak edəcək.
"Danışıqlar prosesindən çıxmalı və ya imtina etməli olan biz deyilik. Problemləri erməni tərəfi yaratmır. Biz çox dəqiq ifadə etmişik, mövqe məlumdur və heç bir dəyişiklik yoxdur. Şərh etmə məsələsinə isə qoy artıq Azərbaycan özü qərar versin", - deyə Karapetyan bildirib.
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Ermənistan parlamentinin xarici münasibətlər komissiyasının sabiq sədri Armen Aşotyan dolayı yolla Karapetyana cavab verərək qeyd edib ki, Azərbaycan Nikol Paşinyanın və onun hökumətinin siyasi zəifliyindən faydalanaraq öz istəklərini həyata keçirəcək.
"Təəssüf ki, daxili siyasi gündəlikdə formalaşdırılan özünü bəyənmə və qeyri-ciddilik xarici siyasətə, xüsusilə Qarabağ münaqişəsinin nizamlanması sahəsinə keçməsinə Nikol Paşinyan şəxsən şərait yaradır. Keçən bu dövr ərzində Ermənistanın yeni hakimiyyəti keçmişdə formalaşdırılmış Ermənistanın danışıqlar prosesindəki mövqeyini ardıcıl şəkildə dağıtmaqla sabit, uzunmüddətli və layiqli heç bir şey yaratmayıb. Bu cür bəyanatlar bir tərəfdən ictimaiyyətin sülhə hazırlanmasına deyil, uzunmüddətli gərginliyə və müharibəyə, digər tərəfdən bizim düşdüyümüz indiki vəziyyətə sürükləyir", - deyə o Paşinyan hakimiyyətinin verdiyi bəyanatların əslində təxribatçı xarakterə malik olduğunu açıqlayıb.