Davudoğlu Rusiyanı hədələdi
Türkiyə baş naziri Əhməd Davudoğlu rəsmi səfərdə olduğu Səudiyyə Ərəbistanında
Rusiyanı hədələyib.
Sfera.az anspress-ə istnadən bildirir ki, rəsmi görüşlərdən sonra paytaxt Ər-Riyadda
açıqlamalar verən Əhməd Davudoğlu Rusiyanın Su-34 döyüş təyyarəsinin yanvarın
29-da Türkiyə sərhədini pozmasına toxunub.
"Rusiya törətdiyi sərhəd pozuntusunun üstünü örtə bilməz. Türkiyə Rusiya ilə gərginliyi
artırmağın tərəfdarı deyil. Rusiyanın Suriya məsələsində xoş niyyətli olmadığını görürük",-
deyə Türkiyə baş naziri bildirib.
Əhməd Davudoğlu Yaxın Şərq siyasətində Səudiyyə Ərəbistanı ilə Türkiyənin həmfikir
olduğunu vurğulayıb: "Suriya, İraq və bölgə barədə siyasətimiz eynidir. Səudiyyə Ərəbistanı
ilə birlikdə mülayim müxalifətə dəstək verəcəyik".
Rusiya təyyarəsi tərəfindən ölkənin hava sərhədinin yenidən pozulması barədə məlumatı
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) dünən yayıb. XİN bildirib ki, hadisə dünən - 2016-cı il
yanvarın 29-da baş verib - Rusiya hava qüvvələrinə aid bir ədəd Su-34 döyüş təyyarəsi
yerli vaxtla saat 11:46-da Türkiyə hava sahəsini pozub.
Xarici İşlər Nazirliyinin məlumatına görə, pozuntudan əvvəl Rusiya Federasiyasının
təyyarəsinə Türkiyə tərəfindən dəfələrlə rus və ingilis dillərində xəbərdarlıq edilib.
"Ölkəmiz və NATO tərəfindən edilən açıq xəbərdarlıqlara baxmayaraq bu pozuntu də
Rusiyanın aradakı problemləri gərginləşdirmək istiqamətində hərəkətlərinin yeni və
konkret bir göstəricisidir",- deyə Türkiyə XİN-in məlumatında vurğulanıb.
Türkiyə tərəfi bu cür məsuliyyətsiz davranışlar nəticəsində ortaya çıxa biləcək
"dəhşətli hadisələrə" Rusiyanın məsuliyyət daşıdığını bildirib. XİN-in bəyanatında
hadisə ilə bağlı Rusiyanın Türkiyədəki səfirinin nazirliyə çağırılaraq Ankaranın etirazı
onun nəzərinə çatdırılıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın Su-34 döyüş təyyarəsinin
Türkiyənin hava sahəsini pozması ilə bağlı dünən sərt çıxış edib. O, məsələni çözmək
üçün Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib.
Türkiyə prezidenti bu fikri hadisənin baş verdiyi axşam Rusiya səfirinin Türkiyə Xarici
İşlər Nazirliyinə dəvət edilməsi zamanı səsləndirdiyini deyib: "Həmin vaxt da mən
xarici işlər müstəşarımıza "Rusiya tərəfi ilə görüşün, hörmətli Putin ilə şəxsən görüşmək
istəyirəm" demişəm. Məsələni onlara çatdırıblar, lakin bizim səfirimiz oradan bir cavab
olmadığını buraya bildirib."
İki ölkə arasında oxşar hadisə 2015-ci ilən noyabr ayında da baş vermişdi. Ankara
dəfələrlə hava sərhədini pozmuş Rusiya təyyarələri ilə bağlı etirazını Moskvanın
diqqətinə çatdırsa da Kreml məsələyə etinasızlıqla yanaşmışdı. Nəticədə, noyabrın
24-də Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurmağa məcbur olmuşdu.
Su-34 döyüş təyyarələri taktiki bombardman üçün modernləşdirilmiş Su-27 modelinin
iki nəfərlik versiyasıdır. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirə
biləcək xüsusi bir dizayna sahibdir. İlk uçuşu 1993-cü ildə reallaşdırılıb və 1997-ci
ildən etibarən istifadə edilməyə başlanılıb. Rusiya Hava Qüvvələri şirkətlə bağladığı
müqavilədə 2020-ci ilə qədər 124 ədəd Su-34 təyyarəsinin alınacağını açıqlayıb.