Türkiyə İsrail mallarının idxalına qadağa qoya bilər
14:16 / 23.05.2018
1884
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın İsraildən idxal olunan mallara qadağa qoyula biləcəyinə işarə vurub.
Sfera.az xəbər verir ki, embarqoya səbəb kimi keçən həftə Qəzza zolağında etiraz edən fələstinlilərin İsrail əsgərləri tərəfindən qətlə yetirilməsi göstərilir.
Bosniya və Herseqovinada səfəri zamanı jurnalistlər qarşısında çıxış edən Ərdoğan İslam Əməkdaşlığı Təşkilatı üzvlərini İsrail mallarını boykot eləməyə çağırıb:
"Ümid edirəm ki, İƏT üzvləri bu təklifə uyğun olaraq boykot qərarı qəbul edəcək. Oranın malları idxal olunmamalıdır” – Ərdoğan belə deyib.
Məsələ təkcə İsrail malları ilə məhdudlaşmır. İƏT-in qəbul etdiyi qətnamədə Qüdsdə səfirlik açan digər ölkələrdən də idxal olunan mallara qadağa qoyulması istənilib.
Qeyd edək ki, 2017-ci ilin statistikasına görə, iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard dollar olub. İsrailli ilə ticarətdə müsbət saldoya malik olan Türkiyə bu ölkəyə 3,4 milyard dollarlıq mal satır. Türkiyə isə İsraildən plastmas və mineral yağlar idxal edir.
Rəsul
Sfera.az