Badımcan oğrusu bəraət aldı - 9 ildən sonra

Dünya
20:45 / 29.03.2018
3567
İtaliyada 9 il davam edən qeyri-adi məhkəmə çəkişməsi yekunlaşıb.
Sfera. Az "La Repubblica” nəşrinə istinadən xəbər verir ki, hər şey 2009-cu ildə Karmyanu şəhəri yaxınlığında karabinyerlərin (İtaliya hərbi polisi-red) sahədən bir vedrə badımcan oğurlayan kişini həbs etməsi ilə başlayıb.
49 yaşlı kişi deyib ki, maliyyə vəziyyəti pisdir, evdə ac uşağı və həyat yoldaşı gözləyir. Hətta şikayətçi olan fermer, yəni badımcan sahəsinin yiyəsi də onun kasıb olduğunu görərək şikayətini geri çəkib.
Bununla belə Apuliya vilayət məhkəməsi zavallını 5 aylıq həbs və 500 avro cərimə ilə cəzalandırıb. Sonradan həbs müddəti iki aya, cərimə 120 avroya endirilib.
Badımcan oğrusu qərarla razılaşmayıb. Məhkəmə çəkişməsi başlayıb. Kasıb olduğu üçün məhkəmədə vəkillər onu dövlət hesabına qoruyub.
Bir vedrə badımcan 20 sent olduğu halda, tək vəkillərin xərci dövlətə 8-9 min avroya başa gəlib.
Sonda iş apelyasiya məhkəməsində baxılıb və kişiyə bəraət verilib. Apuliya məhkəməsinin hakimləri isə xırda işdən ötrü dövlət büdcəsini bir belə ziyana saldıqları üçün tənqid olunublar.
Maraqlıdır ki, 9 il ərzində "badımcan oğrusu” özü fermerə çevrilib və hazırda Sardiniyada yaşayır.
İlqar