“Disney” minlərlə əməkdaşını işdən çıxarmağa hazırlaşır
Dünyanın ən böyük media və əyləncə şirkətlərindən biri olan “The Walt Disney Company” xərcləri azaltmaq məqsədilə genişmiqyaslı ixtisarlara hazırlaşır.
Sfera.az bildirir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, şirkət minlərlə iş yerini ixtisar etməyi nəzərdən keçirir. Əsasən əyləncə parkları, televiziya kanalları və kinostudiyaların əməkdaşlarının ixtisara düşəcəyi gözlənilir. Şirkət rəhbərliyi illik xərclərin 20 faizədək azaldılmasını hədəfləyir.
Baş icraçı direktor Coş D’Amaro qənaət hesabına əldə ediləcək vəsaitin bir hissəsini kino və televiziya istehsalına, texnologiyalara, əyləncə parklarına və kruiz şirkətlərinə yönəltməyi planlaşdırır.
Qeyd edək ki, “Disney” son illərdə də xərcləri azaltmaq istiqamətində bir sıra addımlar atıb və minlərlə əməkdaşını işdən çıxarıb. İxtisarlar “ABC”, “Pixar”, “ESPN”, kinostudiya və əyləncə bölmələri də daxil olmaqla, şirkətin müxtəlif strukturlarını əhatə edib. Ötən maliyyə ilinin sonunda korporasiyanın dünya üzrə əməkdaşlarının sayı 231 min nəfər olub.
“The Wall Street Journal” nəşri oktyabrın əvvəlində şirkətin televiziya bölməsində yenidənqurma aparmağı, hüquq və ictimaiyyətlə əlaqələr şöbələrində də ştat ixtisarlarına getməyi planlaşdırdığını yazmışdı.
“Disney”in prezidenti Dana Uolden ötən ay Los-Ancelesdə keçirilən “Bloomberg Screentime” konfransında şirkətin təşkilati strukturunun və miqyasının daim qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, texnoloji dəyişikliklər şirkətin fəaliyyətinə ciddi təsir göstərir və “Disney” bu şəraitdə inkişafını davam etdirmək üçün yeni addımlar atmalıdır.
Xatırladaq ki, “The Walt Disney Company”yə daxil olan “Disney Enterprises” 2025-ci ilin noyabrında Rusiyada 31 əmtəə nişanının hüquqi qorunma müddətini daha 10 il uzadıb. Bunlara şirkətin loqosu, “Disney” adı, cizgi filmlərinin adları, personajların adları və təsvirləri daxildir.
Fatimə
Sfera.az






