Logo

47 mindən çox insan işsiz qalacaq

47 mindən çox insan işsiz qalacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın avtomobil nəhəngi "Volkswagen" ölkədə iş yerlərinin ixtisarı planını daha da genişləndirib.

Sfera.az musavat.com-a istinadən bildirir ki, şirkət əlavə 12 min ştat vahidini ləğv etmək qərarına gəlib.

Konsern 2030-cu ilə qədər Almaniyada ümumilikdə 47 mindən çox ştat vahidini ixtisar etməyi planlaşdırır.

Şirkət rəhbərliyi ixtisarların məcburi işdənçıxarma yolu ilə həyata keçirilməyəcəyini vəd edir. Bunun əvəzinə işçilərin könüllü ayrılması proqramlarından və tərəflər arasında razılaşdırılmış digər mexanizmlərdən istifadə olunacaq.

Qeyd edək ki, hələ 2024-cü ilin dekabrında "Volkswagen" rəhbərliyi ilə həmkarlar ittifaqları arasında Almaniyada 35 mindən çox iş yerinin ləğvini nəzərdə tutan razılaşma əldə edilmişdi. Yeni qərar həmin ixtisarların miqyasını daha da artırır.

Şirkət genişmiqyaslı yenidənqurma proqramı çərçivəsində 2030-cu ilə qədər istehsal və digər əməliyyat xərclərini təxminən 20 milyard avro, əlavə inzibati xərcləri isə 11 milyard avro azaltmağı hədəfləyir.

Lakin bu plan Almaniyanın ən böyük həmkarlar ittifaqlarından biri olan IG Metall-ın ciddi etirazına səbəb olub.

Həmkarlar ittifaqı işçilərin yenidən hazırlanması və başqa iş tapması üçün xüsusi şirkətlərə köçürülməsi təklifinə qarşı çıxıb.

IG Metall hesab edir ki, "Volkswagen" bu yolla ixtisarlarla bağlı xərclərin bir hissəsini dövlətin üzərinə qoymağa çalışır.

Məlumata görə, şirkətin ləğv etdiyi və ya qismən dayandırdığı 10 kollektiv əmək müqaviləsi təxminən 130 min işçini əhatə edir. Bu müqavilələr əməkhaqqı, iş saatları, məzuniyyət və əlavə ödənişlərlə bağlı məsələləri tənzimləyir.

Bundan başqa, həmkarlar ittifaqının məlumatına əsasən, konsern 2030-cu ilə qədər əməkhaqlarının artırılmasını da dayandırmağı planlaşdırır. IG Metall isə işçilərin maaşlarının 5 faiz artırılmasını tələb edir.

Tərəflər arasında danışıqların noyabrın 24-də başlanması nəzərdə tutulur. Razılıq əldə olunmasa, 2027-ci ilin yanvarından etibarən Almaniyada "Volkswagen" işçilərinin genişmiqyaslı tətilə başlaması mümkündür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR