"Fransada Makron hakimiyyətinə inam itib” - Politoloq
Son günlər Fransa yenindən kütləvi etiraz aksiyalarının meydanına çevrilib. Bu dəfə orta məktəb şagirdləri hökumətin qərarına etiraz edirək Paris küçələrinə çıxıblar.
Fransada baş verən etirazların səbəbləri ilə bağlı müxtəlif fikirlər var. ABŞ Prezidenti Donald Tramp bunu immiqrasiya problemi ilə əlaqələndirir. Onun sözlərinə görə, immiqrantlar cəmiyyətdə narazı kütləsini formalaşdırır.
Lakin fərqli düşünənlər də var.
Bəs Fransada baş verən etirazların əsas səbəbi nədir? Hansı amillər xalqı meydanlara töküb?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Həşim Səhrablı kütləvi etirazları yalnız immiqrasiya problemi ilə əlaqələndirməyin düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyət uzun müddət ərzində toplanan iqtisadi, sosial və siyasi problemlər nəticəsində yaranıb:
“Hər hansı ölkədə dövlətlə cəmiyyət arasında uçurumun yaranması bir səbəblə izah oluna bilməz. Ayrı-ayrı problemlərin həlli üçün dövlətin daha geniş imkanları olsa da, narazılıqların sayı artdıqca onların hamısına eyni vaxtda müdaxilə etmək çətinləşir. Nəticədə cəmiyyətlə hakimiyyət arasındakı gərginlik dərinləşir və kütləvi etirazlara çevrilir”.

O vurğulayıb ki, Fransada bahalaşma, sosial xərclərin artması, təhsil sahəsindəki çətinliklər, müəllim çatışmazlığı və siniflərdə şagird sıxlığı kimi problemlər də narazılığın əsas səbəblərindəndir. Onun fikrincə, Prezident Emmanuel Makrona qarşı etimadın azalması və onun istefasına yönələn çağırışlar siyasi gərginliyi daha da artırıb:
“Fransa cəmiyyətindəki narazılıqları birbaşa dövlətə qarşı münasibət kimi qiymətləndirmək doğru olmaz. Burada əsas məsələ ölkəni idarə edən hakimiyyətə və Makron administrasiyasına olan inamın zəifləməsidir.
Bununla yanaşı, Ukraynada müharibə fonunda Fransanın həyata keçirdiyi siyasət də daxili narazılıqlara təsir göstərib. Fransa hakimiyyətinin Ukraynaya dəstək istiqamətində fəallığı və bunun dövlət büdcəsi üçün yaratdığı maliyyə riskləri əhalidə əlavə narazılıq doğurub. Bəzi etirazçılar ölkə vəsaitlərinin xarici istiqamətlərə deyil, daxili ehtiyaclara sərf olunmasını tələb edirlər”.
H.Səhrablı qeyd edib ki, sadalanan proseslərlə Makronun hakimiyyəti qoruyub saxlamaq istəyi bir-birini tamamlayaraq cəmiyyətdəki narazılığı gücləndirib. O, mövcud proseslərin ölkənin taleyinə necə təsir edəcəyi barədə də danışıb:
“Fransada dövlət institutlarına olan inamın daha da zəifləməsinin qarşısını almaq üçün hakimiyyət idarəetmə mexanizmlərində ciddi dəyişikliklərə getməli, cəmiyyətin tələblərinə cavab verən yeni yanaşmalar ortaya qoymalıdır. Əks halda, mövcud siyasi gərginliyin aradan qaldırılması çətinləşə bilər”.
İradə Elsevər






