Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü
Kateqoriya məlum deyil
T

Avropa ölkələrində ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib.

Sfera.az xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində virusa yerli yoluxma üzrə 1715 hal qeydə alınıb. İnfeksiya nəticəsində 130 nəfər həyatını itirib.

Ən çox yoluxma halı İtaliyada aşkarlanıb. Ölkədə mövsümün əvvəlindən bəri 748 nəfərin virusa yoluxduğu müəyyən edilib. Yunanıstan və Fransa da indiyədək ən yüksək yoluxma göstəricilərini qeydə alan ölkələr sırasındadır.

ECDC virusun əvvəllər müşahidə edilmədiyi Şimali Avropa ərazilərində də yayılmasına diqqət çəkib. Hollandiyada 59, Belçikada isə 15 yoluxma halı qeydə alınıb.

Bununla belə, qurum yoluxmaların sayındakı artımın xəstəliyin əvvəlki illərlə müqayisədə daha ağır keçdiyini göstərmədiyini bildirib. Xəstəxanaya yerləşdirilmə, nevroloji fəsadlar və ölüm göstəricilərinin son 10 ildə müşahidə olunan səviyyələrdən aşağı olduğu qeyd edilib.

Mütəxəssislər ağcaqanadların aktivliyinin azalmasına baxmayaraq, yoluxma riskinin tam aradan qalxmadığını və qarşıdakı həftələrdə yeni halların qeydə alına biləcəyini bildirirlər. Buna görə də virusun yayıldığı ərazilərdə monitorinqin və ağcaqanadlarla mübarizə tədbirlərinin davam etdirilməsi tövsiyə olunur.

Qərbi Nil virusu necə yayılır?

Qərbi Nil virusu əsasən Culex cinsinə aid ağcaqanadların dişləməsi ilə insanlara ötürülür. İnkubasiya dövrü adətən 2-14 gün davam edir, immun sistemi zəif olan şəxslərdə isə 21 günə qədər uzana bilər.

Yoluxanların təxminən 80 faizində heç bir əlamət müşahidə olunmur. Digər şəxslərdə isə qızdırma, yorğunluq, baş və əzələ ağrıları, ürəkbulanma, qusma kimi simptomlar yarana bilər.

Nadir hallarda virus sinir sisteminə təsir edərək ağır fəsadlara səbəb ola bilər. Şiddətli baş ağrısı, boyun sərtliyi, şüur dəyişikliyi və ya əzələ zəifliyi müşahidə olunarsa, dərhal tibbi yardım almaq lazımdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR