Fransa polisinə əlavə səlahiyyət verildi: Qumbaradan istifadə edəcək
Fransa hökuməti ölkədə davam edən şagird etirazları və “Sarı jiletlilər” hərəkatının genişmiqyaslı aksiyaları ərəfəsində polisə şok qumbaralarından istifadə qadağasını ləğv edib.
Sfera.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Laurent Nunez açıqlama verib.
Nazir bildirib ki, lisey şagirdlərinin etirazları zamanı bir uşağın əlini itirməsindən sonra hüquq-mühafizə orqanlarının istifadəsi qadağan edilən şok qumbaralarından zərurət yaranacağı təqdirdə yenidən istifadə oluna bilər.
Nunezin sözlərinə görə, ölkə üzrə 250 aksiya və 80 yürüşün keçirilməsi planlaşdırılır. Parisdən kənarda keçiriləcək etirazlarda təxminən 100 min nəfərin iştirak edəcəyi gözlənilir. Təxminən bir aydır təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə lisey və universitetlərin qarşısında aksiya keçirən tələbələrin də “Sarı jiletlilər”in etirazlarına qoşulacağı ehtimal olunur.
Qeyd edək ki, “Sarı jiletlilər” hərəkatı Fransada yanacağın qiymətinin artırılmasına etiraz olaraq 17 noyabr 2018-ci ildə başlayıb. Parisdə yüz minlərlə insanın iştirakı ilə keçirilən aksiyalar zamanı polis zorakılığı nəticəsində yüzlərlə insan yaralanıb, 11 nəfər həyatını itirib.
Ölkədə son bir ay ərzində davam edən şagird etirazları zamanı isə 1 300-dən çox insanın yaralandığı, əksəriyyəti yetkinlik yaşına çatmayan gənclər olmaqla, təxminən 8 min nəfərin saxlanıldığı bildirilir.
İradə Elsevər






