Fransada ailədaxili zorakılıq: Bir ildə 136 nəfər öldürülüb
Fransada 2025-ci ildə partnyorları və ya keçmiş partnyorları tərəfindən 136 nəfər öldürülüb. Qadınlar qurbanların 82 faizini təşkil edib.
Sfera.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin dərc etdiyi hesabatda bildirilib.
Məlumata görə, 2024-cü ildə bu cür hadisələr nəticəsində 138 nəfər həyatını itirib. Beləliklə, ötən il qurbanların sayı 1 faiz azalıb. Orta hesabla hər üç gündə bir nəfər partnyor zorakılığı nəticəsində öldürülüb.
Hesabatda qeyd olunub ki, 2025-ci ildə 111 qadın partnyoru və ya keçmiş partnyoru tərəfindən qətlə yetirilib. Bu, 2024-cü illə müqayisədə 4 faiz çoxdur. Öldürülən kişilərin sayı isə 31-dən 25-ə düşüb. Bundan əlavə, il ərzində 445 qətl cəhdinin qeydə alındığı bildirilib.
Mübahisələr və ayrılıqlar zorakılığın əsas səbəbləri arasındadır
Hesabata əsasən, ölümə səbəb olan ailədaxili zorakılıq hallarında şübhəli bilinənlərin 82 faizi kişilər olub. Hadisələrin əsas səbəbləri arasında mübahisələr və ayrılığı qəbul etməmək göstərilib. Mübahisələr 36, ayrılıqla bağlı hallar isə 30 hadisədə qeydə alınıb.Belə cinayətlərin 76 faizi evdə baş verib. Ən çox istifadə olunan vasitələr kəsici-deşici alətlər olub. Onlar hadisələrin 58 faizində, odlu silahlar isə 34 faizində qeydə alınıb.
Bu hadisələr uşaqlara da ciddi təsir göstərib. 2025-ci ildə 106 azyaşlı valideynlərindən birini və ya hər ikisini itirib. Bundan başqa, münasibətlərdəki münaqişələrlə əlaqəli doqquz uşaq qətli qeydə alınıb.
Qurbanların bir qismi əvvəllər də zorakılığa məruz qalıb
Hesabatda diqqət çəkən məqamlardan biri də qətllərdən əvvəl zorakılıq hallarının məlum olmasıdır. Öldürülən qadınların 37 faizinin daha əvvəl zorakılığa məruz qaldığı müəyyən edilib. Onlardan 61 faizi polisə və ya jandarmeriyaya müraciət edib, bu qrupun 88 faizi isə rəsmi şikayət verib. Buna baxmayaraq, qətllər baş verən zaman qurbanların müdafiəsi üçün xüsusi tədbirlər çox nadir hallarda tətbiq olunub. Qadınlardan yalnız birində təhlükə zamanı istifadə edilən xüsusi təcili telefon, digərində isə həyəcan siqnalı düyməsi olub.Araşdırma zamanı hadisələrin 36 faizində iştirakçılardan ən azı birinin alkoqol, narkotik maddə və ya psixotrop dərmanların təsiri altında ola biləcəyi müəyyən edilib.
Fransada zorakılığa qarşı yeni qanun layihəsi
Fransada gender əsaslı və cinsi zorakılıqla mübarizə istiqamətində yeni qanun layihəsi də gündəmdədir. Layihə şikayətlərin vaxtından əvvəl bağlanmasının qarşısını almaq üçün araşdırma qaydalarının müəyyənləşdirilməsini, ixtisaslaşmış polis bölmələrinin və məhkəmə strukturlarının yaradılmasını nəzərdə tutur. Sənəddə məktəblərdə zorakılığın erkən aşkarlanması üçün 2032-ci ildən etibarən hər il məcburi söhbətlərin keçirilməsi və zorakılıq qurbanı olan uşaqlar üçün yardım mexanizminin yaradılması da yer alır. Qanun layihəsi Fransa Milli Assambleyasında 503 deputatın dəstəyi ilə qəbul edilib. İndi sənəd Senatda müzakirə olunmalıdır.
Fatimə
Sfera.az






