NATO-dan Avropada vahid ordu yaradılması ideyasına reaksiya
NATO-nun baş katibi Mark Rutte Avropada vahid ordu yaradılması ideyasının reallaşacağına inanmadığını bildirib.
Sfera.az xəbər verir ki, Estoniyanın Tallin Texnologiya Universitetində tələbələrlə görüşən Rutte qeyd edib ki, belə bir təşəbbüsün həyata keçirilməsi üçün ölkələr öz milli ordularından imtina etməlidirlər.
Onun sözlərinə görə, dövlətlərin suverenlik məsələlərinə görə bunun baş verməsi real görünmür və NATO-nun mövcud komanda-idarəetmə sistemini nəzərə aldıqda ayrıca Avropa ordusuna ehtiyac yoxdur. Rutte NATO-nun 32 ölkənin milli ordusunun birgə fəaliyyətini təmin edən komanda-idarəetmə sisteminə malik olduğunu vurğulayıb. O, Avropa İttifaqı çərçivəsində NATO-nu təkrarlayan strukturların yaradılmasının qərarların qəbulunu ləngidə biləcəyini də qeyd edib.
NATO rəhbəri Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin təklif etdiyi Avropa Təhlükəsizlik Şurasının NATO ilə əməkdaşlıq edə biləcəyini bildirib./metbuat






