Husilər ballistik raket istehsal edirlər - Narahatçılıq artır
Yəməndə fəaliyyət göstərən husilər Çindən əldə edilən komponentlər əsasında orta mənzilli ballistik raketlər hazırlamağa çalışırlar. Bu cür silahların yaradılması regionda hərbi qüvvələr arasındakı balans və Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları artırıb.
Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri “Conflict Armament Research” (CAR) təşkilatının hələ dərc olunmamış hesabatına istinadən məlumat yayıb.
Hesabata əsasən, husilər Çin təchizatçısından İrana məxsus güclü silahlardan biri olan “Xeybar-Şekan” yüksək dəqiqlikli raketinin öz versiyasını hazırlamaq üçün zəruri komponentlər əldə ediblər. Bu qənaət Yəmən hökumətinin mütəxəssislərə təqdim etdiyi məlumatlar əsasında formalaşıb.
Məlumata görə, 2025-ci ildə Yəmən hakimiyyəti husilərə göndərildiyi ehtimal edilən iki yük partiyasını ələ keçirib. Adi malların arasında gizlədilən komponentlərə raket korpusunun və bərk yanacaqlı mühərrikin hissələri, quyruq stabilizatorları, istilikdən qoruyucu örtük materialları, eləcə də sınaqlar üçün nəzərdə tutulan alət və cihazlar daxil olub.
Nəşrin məlumatına görə, hazırlanan raketlərin uçuş məsafəsi 1 900 kilometrə çata bilər. Bu isə Səudiyyə Ərəbistanının istənilən ərazisinin vurulmasını mümkün edir.
Husilərə qarşı BMT-nin silah embarqosu qüvvədə olsa da, “The Wall Street Journal” qeyd edir ki, BMT ekspertlərinin və silahlanma üzrə mütəxəssislərin qiymətləndirmələrinə əsasən, husilərə çatdırılması cəhdi zamanı ələ keçirilən malların əksəriyyəti Çin şirkətləri tərəfindən istehsal olunub. İdxal edilən komponentlərin bir hissəsi ikili təyinatlı məhsullar olsa da, digərləri yalnız raket silahlarında istifadə üçün nəzərdə tutulub.
Nəşr vurğulayır ki, “Xeybar-Şekan” tipli raketlər İranın digər raketləri ilə müqayisədə hava hücumundan müdafiə sistemlərinin atəşi altında manevr etmək qabiliyyətinə görə daha effektiv hesab olunur. Bəzi versiyalarda döyüş başlığının uçuşun son mərhələsində raketin əsas hissəsindən ayrılması, daha sonra isə əlavə kiçik mühərrikin köməyi ilə hədəfə yönəldilməsi nəzərdə tutulur.
Səudiyyə Ərəbistanı husilərə qarşı mübarizədə Yəmən hökumət qüvvələrinə hərbi dəstək verən ərəb koalisiyasına rəhbərlik edir və husilərin mövqelərinə hava zərbələri endirir. Husilər isə cavab olaraq Səudiyyə Ərəbistanının infrastruktur obyektlərini hədəf alırlar.
Son günlər husilər Ər-Riyad Beynəlxalq Hava Limanını dəfələrlə hədəf aldıqlarını bildiriblər. Bundan əvvəl onlar hava limanını və Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus obyektləri qanuni hədəfləri elan edərək mülki əhalini həmin ərazilərdən uzaqlaşmağa çağırıblar.
Qeyd edək ki, raket komponentlərinin Çin şirkətlərindən əldə edilməsi ilə bağlı məlumatlar CAR təşkilatının hesabatına və “The Wall Street Journal”ın təqdim etdiyi materiallara əsaslanır. Komponentlərin tədarükündə Çin dövlətinin birbaşa iştirakına dair isə təqdim olunan məlumatlarda ayrıca təsdiq yer almır.
Firuzə Əliyeva






