“Air India” təyyarəsini qaçırmaq istədilər
Almaniyanın Frankfurt şəhərindən Hindistanın paytaxtı Dehliyə uçan “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qaçırılma təhlükəsi ilə bağlı siqnalın ötürülməsindən sonra marşrutunu dəyişərək Caypur şəhərinə yönləndirilib. Hadisədən sonra təyyarə təhlükəsizlik yoxlamaları üçün xüsusi əraziyə aparılıb.
Sfera.az xəbər verir ki, bu barədə “India Today” nəşri məlumat yayıb.
Məlumata görə, pilot beynəlxalq aviasiyada təyyarənin qaçırılması və ya qanunsuz müdaxilə təhlükəsini bildirən “Squawk 7500” kodunu aktivləşdirib. Bundan sonra hava hərəkətini idarə edən qurumlar təyyarənin Dehliyə uçuşunu davam etdirməsinə icazə verməyərək onu Caypura yönləndiriblər.
“Boeing 787-9” tipli təyyarə Caypur Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Enişdən sonra təhlükəsizlik qüvvələri təyyarəni və sərnişinlərin baqajlarını yoxlayıblar. Hadisə ilə bağlı Hindistanın aviasiya qurumları araşdırma aparır.
İlkin məlumatlara görə, təyyarədə olan 306 sərnişinin hamısı təhlükəsiz şəkildə təxliyə edilib. Hadisənin səbəbi hələlik rəsmən təsdiqlənməyib. İlkin ehtimallardan birinə görə, siqnal pilotun səhvi nəticəsində aktivləşdirilmiş ola bilər.
Firuzə Əliyeva






