Tramp və Netanyahu İranı müzakirə etdi: Hücum ehtimalı var
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hərbi əməliyyat ehtimalını müzakirə etdikləri iddia olunur.
Sfera.az xəbər verir ki, “Axios” nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Netanyahu telefon danışığı zamanı İranın nüvə proqramını yenidən qurmaq istiqamətində atdığı addımlarla bağlı narahatlığını ifadə edib.
İddialara əsasən, Tramp İsrail liderinə hücum üçün hazırlıq görməyi tövsiyə edib.
Məlumata görə, ABŞ və İsrail hərbçiləri mümkün hərbi əməliyyat ssenariləri üzrə hazırlıqları davam etdirirlər. İsrail tərəfinin İranın hərbi və nüvə obyektlərini hədəfə almaq variantını gündəmə gətirdiyi də bildirilib.
Bununla belə, Ağ Ev Tramp və Netanyahunun İrana qarşı hücumların davam etdirilməsini müzakirə etdikləri barədə iddianı təkzib edib. ABŞ tərəfi prezidentin aralıq seçkilərdən əvvəl İrana hücum etməyəcəyini açıqladığını xatırladıb.
ABŞ və İran arasında danışıqların taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Hələlik İrana qarşı yeni hücumla bağlı rəsmi qərar açıqlanmayıb.
İradə Elsevər






