İsrailin məskunlaşma layihəsi təxirə salındı
İsrailin işğal altındakı Şərqi Qüds yaxınlığında həyata keçirməyi planlaşdırdığı E1 qanunsuz məskunlaşma layihəsi üzrə 1234 mənzilin tikintisinə dair tenderin qiymətləndirilməsi oktyabrın 27-də keçiriləcək seçkilərdən sonraya salınıb.
Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
İsrail mətbuatının məlumatına görə, tender təkliflərinin qiymətləndirilməsi ən tez noyabrın 19-da başlayacaq. Qərar İsrail Torpaq İdarəsi tərəfindən təsdiqlənib. Buna baxmayaraq, tikinti şirkətləri təkliflərini oktyabrın 19-dək təqdim edə biləcəklər.
Ölkədə fəaliyyət göstərən “Peace Now” insan hüquqları təşkilatı qərarı yetərli hesab etməyərək tenderin tamamilə ləğv edilməsini tələb edib. Təşkilat xəbərdarlıq edib ki, yeni hökumət formalaşmazdan əvvəl müqavilələrin imzalanması geri dönüşü çətin olan vəziyyət yarada və layihədə iştirak edən şirkətləri beynəlxalq sanksiyalarla üz-üzə qoya bilər.
E1 layihəsi İordan çayının qərb sahilini faktiki olaraq iki hissəyə bölmək və Şərqi Qüds ilə Fələstin əraziləri arasındakı əlaqəni kəsmək məqsədi daşıdığına görə beynəlxalq narahatlıq doğurur. Tənqidçilər hesab edirlər ki, layihə gələcək Fələstin dövlətinin ərazi bütövlüyünə və iki dövlətli həll perspektivinə mane ola bilər.
Xatırladaq ki, Baş nazir Benyamin Netanyahu 2025-ci ilin sentyabrında layihəni təsdiqləyib. Layihə çərçivəsində elan edilən 1234 mənzillik tender beynəlxalq səviyyədə də etirazlara səbəb olub. Bir sıra Qərb ölkələri İsrailin işğal altındakı ərazilərdə saldığı məskunlaşmalarla bağlı ticarət məhdudiyyətləri tətbiq edib və ya belə addımlar atmaq niyyətini açıqlayıb.
İsrailin maliyyə naziri Bezalel Smotriç isə tenderin təxirə salınması qərarının ləğvini tələb edib.
Fatimə Ələkbər
Sfera.az






