Ən təhlükəli marşrutlar: bilə-bilə ölümə gedirlər...
İnsanlar daha yaxşı həyat, təhlükəsizlik və iş axtarışı ilə doğma ölkələrini tərk edərək bəzən ölüm riski ilə üzləşdikləri marşrutlara üz tuturlar.
Yoxsulluq, münaqişələr, işsizlik və gələcəyə dair ümidsizlik təhlükəli səfərlərə səbəb olan amillər sırasında yer alır. Bunun nəticəsində, hər il minlərlə insan miqrasiya zamanı həyatını itirir.
"Associated Press"in məlumatına görə, oktyabrın 8-dən 9-na keçən gecə Cibuti sahillərində Yəmən istiqamətində hərəkət edən, 305 miqrantı daşıyan qayığın batması nəticəsində azı 139 nəfər ölüb, 84 nəfər itkin düşüb. 80-dən çox insanın xilas olduğu bildirilir.
Sfera.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bildirib ki, qayıq həddindən artıq yükləndiyi üçün batıb. Təşkilat ölənlərin sayının arta biləcəyini də istisna etmir.
Ən təhlükəli marşrutlar hansılardır?
"IOM" qeyd edib ki, 2025-ci ildə dünya üzrə miqrasiya marşrutlarında azı 7 667 nəfər itkin düşüb. Təşkilat qeydə alınan rəqəmlərin faktiki itkiləri tam əks etdirmədiyini vurğulayır. Çünki bəzi hadisələr barədə məlumat əldə etmək mümkün olmur, xüsusilə də dənizdə baş verən qəzalar zamanı itkin düşən şəxslərin taleyi naməlum qalır. Ən təhlükəli istiqamətlərdən biri Mərkəzi Aralıq dənizidir. Liviya və Tunis sahillərindən İtaliyaya uzanan bu marşrutda 2025-ci ildə 2 185 nəfərin itkin düşdüyü bildirilib. Qərbi Afrika sahillərindən İspaniyanın Kanar adalarına gedən Atlantik marşrutunda isə 2025-ci ildə 1 214 nəfərin taleyi hələlik məlum deyil. Bu istiqamətdə miqrantlar uzun məsafəni kiçik, bəzən də dəniz səfəri üçün yararsız qayıqlarla qət etməyə çalışırlar. Şərqi Afrikadan Cibuti vasitəsilə Yəmənə, oradan isə Körfəz ölkələrinə uzanan marşrutda da ciddi itkilər qeydə alınıb. Beynəlxalq Miqrasiya Təşkilatı-nın məlumatına görə, 2025-ci ildə bu istiqamətdə 922 nəfər həyatını itirib. 2024-cü ildə isə belə halların sayı 558 olub. Bu, qeydə alınan itkilərin bir il ərzində təxminən 65 faiz artması deməkdir. Cibuti–
Yəmən marşrutunda faciələr niyə təkrarlanır?
Cibuti sahillərində baş verən son hadisə Şərqi Afrika ilə Ərəbistan yarımadası arasında miqrasiya yolunun təhlükələrini yenidən gündəmə gətirib. Bu istiqamətdən əsasən Efiopiya və Somali mənşəli miqrantlar istifadə edirlər. Onların bir qismi Körfəz ölkələrində iş tapmaq və ailələrinin maddi vəziyyətini yaxşılaşdırmaq ümidi ilə yola çıxır. Bu marşrut üzrə təhlükələr yalnız dəniz qəzaları ilə məhdudlaşmır. Miqrantlar insan qaçaqmalçılarının istismarı, zorakılıq kimi risklərlə də üzləşə bilirlər. Buna baxmayaraq, iqtisadi imkanların məhdudluğu və təhlükəsiz həyat axtarışı insanları yenidən bu istiqamətə yönəldir. IOM-un məlumatına əsasən, 2025-ci ildə Şərqi Afrika–Yəmən marşrutunda qeydə alınan ölüm və itkin düşmə halları 2014-cü ildən bəri müşahidə edilən ən yüksək illik göstərici olub.
İnsanlar təhlükəni bildikləri halda niyə yola çıxırlar?
Miqrasiya qərarlarının arxasında müxtəlif səbəblər dayanır. Bəzi insanlar işsizlik və yoxsulluq səbəbindən ölkələrini tərk edir, digərləri silahlı münaqişələrdən, təqibdən və təhlükəsizlik problemlərindən qaçmağa çalışırlar. Quraqlıq və ərzaq çatışmazlığı da müəyyən regionlarda insanların yaşayış imkanlarını məhdudlaşdırır. Təhlükəli səfərə çıxanların hamısının eyni səbəbdən hərəkət etdiyini demək mümkün deyil. Miqrantlar vasitəçilərin verdiyi vədlərə inanır, səfərin real risklərini tam qiymətləndirə bilmirlər.
Sərhəd nəzarəti faciələrin qarşısını niyə tam ala bilmir?
Dəniz və quru sərhədlərinə nəzarət qanunsuz daşımaların qarşısının alınmasında mühüm rol oynasa da, bütün marşrutları izləmək çətindir. Qaçaqmalçılıq şəbəkələri istiqamətləri dəyişə, miqrantları daha təhlükəli keçidlərə yönəldə və təhlükəsiz nəqliyyat vasitələrindən istifadə etməyə imkan verməyə bilərlər. Bununla yanaşı, təhlükəsiz və qanuni miqrasiya yollarının əlçatanlığı da əsas məsələlərdən biridir. İnsanların təhlükəli marşrutlara üz tutmasının qarşısını almaq üçün yalnız sərhəd nəzarəti deyil, iş imkanlarının genişləndirilməsi, insan qaçaqmalçılığına qarşı mübarizə, axtarış-xilasetmə sistemlərinin gücləndirilməsi və qanuni miqrasiya imkanlarının araşdırılması da vacibdir.
IOM rəsmiləri Cibutidəki son faciədən sonra təhlükəsiz və qanuni miqrasiya yollarının genişləndirilməsinin vacibliyini vurğulayıblar. Təşkilatın mövqeyinə görə, insanların ölüm riskinə getməsinə səbəb olan şərait aradan qaldırılmadan belə faciələrin təkrarlanması təhlükəsi qalır. 2025-ci ildə dünya üzrə miqrasiya marşrutlarında azı 7 667 ölüm və itkin düşmə halının qeydə alınması problemin miqyasını göstərir. Aralıq dənizi, Atlantik okeanı və Şərqi Afrika-Yəmən istiqamətləri müxtəlif coğrafi şəraitə malik olsa da, hər üçündə təhlükəli keçidlər və qeyri-qanuni daşımalar insan həyatı üçün ciddi təhdid yaradır. Qeydə alınan ölüm sayı marşrutun mütləq daha təhlükəli olduğunu təkbaşına sübut etmir. Riskin dəqiq müqayisəsi üçün həmin istiqamətlərdən keçən insanların ümumi sayı, itkin düşənlərin sonrakı taleyi və məlumatların nə dərəcədə tam olması da nəzərə alınmalıdır.
Fatimə Ələkbər
Sfera.az






