Tramp Zelenskinin dəyişdirilməsini istəyir - İDDİA

Tramp Zelenskinin dəyişdirilməsini istəyir - İDDİA
Kateqoriya məlum deyil
T

Kiyev ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenskinin prezident postundan uzaqlaşdırılması təklifinə məhəl qoymayıb. Amerika lideri Zelenskini Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrə görə tənqid edərək, bu hücumların dünyada enerji qiymətlərinin artmasına səbəb olduğunu iddia edib.

Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Trampın sözlərinə görə, Ukraynaya “yeni prezident” lazımdır. Zelenski isə cavabında bildirib ki, Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa hazırdır, amma bunun üçün Rusiya da Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmalıdır.

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bundan sonra bəyan edib ki, Zelenski Ukrayna xalqı tərəfindən dəstəklənir və qərar vermək hüququ xalqa məxsusdur: “Xaricdən səsləndirilən bəyanatlar yalnız onun öz işini yaxşı yerinə yetirdiyini təsdiqləyir”.

Volodimir Zelenski isə Rusiya atəşkəslə razılaşacağı təqdirdə Ukraynada seçkilər keçirəcəyini bildirmişdi. “ABC News” telekanalına verdiyi son müsahibədə o vurğulamışdı ki, səsvermənin təhlükəsiz şəraitdə keçirilməsi üçün atəşkəs ən azı 60 gün davam etməlidir.

Kiyev artıq Trampın gözlənilməz bəyanatlarına alışmağa başlayıb. Məsələn, ABŞ Prezidenti bu açıqlamalardan qısa müddət sonra Ukrayna və Rusiyanın “enerji atəşkəsi” barədə razılığa gəldiyini elan edib. Amma nə Kiyev, nə də Moskva belə bir razılaşmanın mövcudluğunu təsdiqləyib.

Trampın bəyanatından sonra Rusiya Xarkovdakı elektrik stansiyalarından birinə zərbə endirib. KİV-in yazdığına görə, bu hücum Moskvanın mümkün atəşkəsə münasibətini aydın şəkildə nümayiş etdirib.

Nəşr qeyd edib ki, Trampın Ukrayna Prezidentini tənqid etməsindən sonra daxildə Zelenskiyə dəstəyin artması ilk dəfə deyil. Bənzər vəziyyət 2025-ci ildə Ağ Evdə keçirilən görüşdən sonra da müşahidə olunmuşdu.

Ukraynalılar sosial mediada Vaşinqtonun və ya Moskvanın ölkələrinə kimin rəhbərlik etməli olduğunu diktə etməyə çalışmasına etiraz ediblər. Əksər insanlar tərəfindən isə Trampın açıqlamaları ABŞ-də aralıq seçkilər ərəfəsində aparılan daxili siyasi mübarizənin bir hissəsi kimi qəbul edilib.

“Hazırda dünyada Zelenskinin reytinqini Trampın ona ünvanladığı, onu vəzifəsindən uzaqlaşdırmaq çağırışları ilə müşayiət olunan uşaqsayağı emosional çıxışlarından daha çox artıra biləcək heç nə yoxdur”, - ukraynalı hərbçi Mixail Lavrovski NYT-yə deyib.

Hətta Zelenskiyə müxalif olan ukraynalılar belə Trampın son bəyanatlarına etiraz ediblər. Onlar bildiriblər ki, Ukraynaya kimin rəhbərlik edəcəyi barədə qərarı yalnız ukraynalıların özləri verməlidir./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR