Tramp etiraz etdi: "8 Nobel mükafatı almalı idim"
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının Cənubi Afrikalı hüquqşünas Navanethem “Navi” Pillayaya verilməsini tənqid edib. O, səkkiz müharibəni dayandırdığını iddia edərək, hər biri üçün ayrıca Nobel Sülh Mükafatına layiq görülməli olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Tramp Nyu-York ştatının Sirakuza şəhərində keçirilən aralıq seçkilərlə bağlı mitinqdə çıxış edib.
İranla yaşanan hərbi gərginliyə toxunan ABŞ prezidenti bildirib ki, Amerika hərbçilərinin səyləri nəticəsində Hörmüz boğazı üzərində tam nəzarət təmin edilib:
“Bu gün boğazdan müharibədən əvvəlkindən daha çox neft keçir. Buna inana bilirsinizmi?”
O, neft emalı zavodlarının və pərakəndə satıcıların qiymətləri dərhal aşağı salmalı olduğunu söyləyib. Tramp bunun səbəbi kimi həmin müəssisələrə böyük həcmdə neft tədarük edildiyini göstərib.
Rusiya ilə bağlı açıqlama verən ABŞ prezidenti Moskvanın qlobal bazarlara dizel yanacağı tədarük etmək qərarına da toxunub:
“Yeri gəlmişkən, bu gün Rusiya bizə milyonlarla barel neft göndərməyə razılaşıb. Bu, dizel yanacağıdır. Həqiqətən də ehtiyacımız olan budur. Buna görə təşəkkür edirik”.
Tramp İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün səylərini səfərbər etdiyini vurğulayıb. Onun sözlərinə görə, İran ciddi iqtisadi çətinliklərlə üzləşib və ölkədə inflyasiya 301 faizə çatıb:
“İran böyük çıxılmaz vəziyyətdədir. Əllərində olan yeganə şey inflyasiyadır. Qalan heç nə yaxşı deyil. Pulları yoxdur. Ordusunun hərbçiləri maaş ala bilmir, polislərə də maaş verilmir. Ancaq unutmayın ki, onlar heç vaxt nüvə silahına sahib ola bilməyəcəklər. Ora getməyimizin səbəbi bu idi”.
ABŞ prezidenti Nobel Sülh Mükafatının Beynəlxalq Ədalət Məhkəməsinin hakimi olmuş Navi Pillaya verilməsini də tənqid edib. Tramp iddia edib ki, səkkiz müharibəni dayandırmasına baxmayaraq, mükafat onun adını belə eşitmədiyi bir şəxsə təqdim olunub.
İradə Elsevər






