ABŞ müharibədə Avropadakı bu bazalarından istifadə edib
İranla müharibə zamanı ABŞ Avropadakı bir sıra hərbi bazalardan istifadə edib. Bu bazalar Amerika qüvvələrinin bölgəyə köçürülməsi, yanacaqla təminatı, hərbi texnikanın daşınması və hava əməliyyatlarına dəstək göstərilməsi baxımından mühüm rol oynayıb.
Sfera.az xəbər verir ki, Böyük Britaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Yunanıstan və digər Avropa ölkələrində yerləşən hərbi bazalar ABŞ-nin Yaxın Şərqdəki əməliyyatlarının təminatında iştirak edib. Bununla belə, ölkələrin Vaşinqtonun müraciətlərinə münasibəti fərqli olub.
Böyük Britaniya
Böyük Britaniyanın Feyrford hərbi hava bazası ABŞ bombardmançılarının yerləşdirildiyi əsas məntəqələrdən biri olub. Burada "B-1B Lancer" və "B-52" bombardmançı təyyarələri yerləşdirilib. Həmin təyyarələr İran ərazisindəki hərbi hədəflərə hücumlarda iştirak edib.
ABŞ-nin əməliyyatları üçün Britaniya bazalarından istifadəsinə icazə verilməsi Londonda müzakirələrə səbəb olub. Britaniya hökuməti qərarını müttəfiqlərin və vətəndaşların müdafiəsi ilə əsaslandırıb.
Almaniya
Almaniyadakı Ramştayn hərbi hava bazası ABŞ qüvvələrinin daşınması və təchizatı baxımından mühüm əhəmiyyət daşıyıb. İspaniyadan çıxarılan ABŞ yanacaqdolduran təyyarələrinin bir hissəsi də bu bazaya köçürülüb.
Şpandahlem bazasında yerləşən F-16 qırıcıları da Yaxın Şərqə göndərilib. Almaniya hökuməti ABŞ qüvvələrinin ölkədəki bazalardan istifadəsinin mövcud sazişlər çərçivəsində həyata keçirildiyini bildirib.
Portuqaliya
Azor adalarında yerləşən Lajes hərbi bazası ABŞ təyyarələrinin daşınması və əməliyyatlara dəstək göstərilməsi üçün istifadə olunub. Portuqaliya hökuməti hərbi uçuşlara yalnız müəyyən şərtlər daxilində icazə verildiyini, İranın mülki infrastrukturuna hücumlar üçün bazalardan istifadənin qəbul edilmədiyini açıqlayıb.
Fransa
Fransa ABŞ-nin hərbi dəstək təyyarələrinin ölkədəki bazalardan istifadə etməsinə müəyyən şərtlərlə icazə verib. İster və Le Havr bazalarında nəqliyyat və yanacaqdolduran təyyarələrin yerləşdirildiyi bildirilib. Paris isə bu təyyarələrin İrana qarşı döyüş əməliyyatlarında iştirak etməməsini tələb edib.
İspaniya
İspaniya ABŞ-nin Moron və Rota hərbi bazalarından İrana qarşı hücumlar üçün istifadə etməsinə icazə verməyib. Bu qərardan sonra ABŞ-yə məxsus 15 hərbi təyyarə bazaları tərk edib. Onlardan bir neçəsi Almaniyadakı Ramştayn bazasına köçürülüb.
İtaliya
İtaliya hökuməti ABŞ qüvvələrinə ölkədəki bazalardan texniki və logistika məqsədilə istifadə etməyə icazə verildiyini, döyüş əməliyyatları üçün isə məhdudiyyətlərin tətbiq olunduğunu bildirib. Roma bəzi ABŞ hərbi təyyarələrinin Siqonella bazasına enişinə də icazə verməyib.
Yunanıstan
Krit adasındakı Suda hərbi bazası ABŞ donanmasının təchizatı və logistika ehtiyaclarının qarşılanmasında rol oynayıb. ABŞ-yə məxsus "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi də bölgədəki fəaliyyəti zamanı bu bazadan istifadə edib.
Rumıniya və Bolqarıstan
Rumıniya ABŞ-nin yanacaqdolduran təyyarələr və rabitə avadanlıqları yerləşdirməsi ilə bağlı müraciətini qəbul edib. Bolqarıstan isə Bezmer hərbi bazasında ABŞ-yə məxsus yanacaqdolduran təyyarələrin müvəqqəti yerləşdirilməsinə icazə verib. Hər iki ölkə bu fəaliyyətlərin dəstək və müdafiə xarakteri daşıdığını bildirib.
Türkiyə
Türkiyə İncirlik hərbi hava bazasının ABŞ-nin İrana qarşı hücumlarında istifadə edilmədiyini açıqlayıb. Ankara müharibə dövründə əsas diqqətini hava məkanının qorunmasına və hava hücumundan müdafiə tədbirlərinə yönəldib.
İradə Elsevər






