Fransada Renuarın muzeyindən oğurlanan rəsm əsərləri tapıldı
Fransada impressionist rəssam Pyer-Ogüst Renuarın muzeyindən oğurlanan iki rəsm əsəri polis tərəfindən aşkarlanıb. Sentyabrın əvvəlində baş verən oğurluqla bağlı araşdırma davam edir. Hadisə ilə əlaqədar daha əvvəl altı nəfər saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, sentyabrın 8-nə keçən gecə naməlum şəxslər Fransanın Kan-sür-Mer şəhərində yerləşən muzeydən dörd rəsm əsərini oğurlamağa cəhd ediblər. Lakin qaçış zamanı əsərlərdən ikisini atmağa məcbur olublar. Nəticədə Renuarın “Madam Kolonna-Romano” və “Quyu yaxınlığında qız” adlı tablolarını aparıblar.
Telekanalın məlumatına əsasən, oğurlanmış hər iki rəsm oktyabrın 8-də polis əməkdaşları tərəfindən tapılıb. Bu barədə BFMTV oktyabrın 9-da məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 7-də telekanal muzeyin qarət edilməsi ilə bağlı iş üzrə altı nəfərin saxlanıldığını açıqlamışdı.
Firuzə Əliyeva
Sfera.az






