Aİ Ukraynaya dəstəyi artırır: "Bu yardımlar Rusiyanı dayandırmayacaq"

Aİ Ukraynaya dəstəyi artırır: "Bu yardımlar Rusiyanı dayandırmayacaq"
Kateqoriya məlum deyil
T

Avropa Komissiyasının 7 oktyabr tarixli rəsmi brifinqində Ukraynaya 1,24 milyard avro həcmində hərbi maliyyə dəstəyi ayrıldığı açıqlanıb. Vəsaitin dronlar, dronlara qarşı sistemlər, sursat və raketlərin alınmasına yönəldiləcəyi bildirilib. Eyni zamanda Qara dənizdə təhlükəsizlik, Rusiyaya qarşı sanksiyalar və enerji məsələləri də Aİ-nin gündəmində olub.

Bəs bu məbləğdə olan yardımlar Ukraynanın müdafiə qabiliyyətinin artmasına kömək edirmi?

Politoloq Həşim Səhrablı Sfera.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Ukraynaya ayırdığı yeni hərbi yardım paketinin Rusiya-Ukrayna müharibəsinin gedişatını ciddi şəkildə dəyişəcəyini gözləmir.

Onun sözlərinə görə, müharibə başlayandan bəri Ukrayna ərazisinə zərbələr davam edir və yeni yardımın ayrılması Moskvanın geri addım atmasına səbəb olmayacaq:

“Avropa İttifaqının əsas məqsədi Rusiya təhlükəsinin Ukrayna sərhədlərindən kənara yayılmasının qarşısını almaqdır. Avropa dövlətləri hərbi və maliyyə dəstəyi vasitəsilə Rusiyanın təsir dairəsinin Şərqi Avropaya doğru genişlənməsinə mane olmağa çalışırlar”.

H.Səhrablı hesab edir ki, yeni yardım paketi özlüyündə Cənubi Qafqaz üçün əlavə təhlükə yaratmır. Onun fikrincə, Azərbaycan, Ermənistan və Gürcüstan bu dəstəyin ayrılması və həyata keçirilməsində birbaşa iştirak etmirlər.

“Bu ölkələrin maliyyə, infrastruktur, silah daşınması və ya digər xidmətlər vasitəsilə yardım prosesində rol almaması region üçün mümkün riskləri məhdudlaşdıran amillərdəndir", - deyən politoloq Qara dənizdəki vəziyyəti fərqli qiymətləndirir. O hesab edir ki, bu ərazidə təhlükəsizlik riskləri artıq mövcuddur:

"Rusiya və Ukrayna tərəfləri bir-birinin hərbi və dəniz nəqliyyatı hədəflərinə zərbələr endirir, bəzi hallarda isə insidentlər mülki gəmilər üçün də təhlükə yaradır”.

Politoloq xatırladıb ki, bir neçə gün əvvəl azərbaycanlıların da həlak olduğu insident baş verib. O vurğulayıb ki, tərəflər Qara dənizdə dəniz nəqliyyatını zəiflətməyə və üstünlük əldə etməyə çalışırlar:

“Yeni yardım paketində Qara dəniz təhlükəsizliyinə diqqət yetirilməsi Avropa dövlətlərinin Ukraynanın bu istiqamətdə mövqelərini qorumaq niyyəti ilə bağlıdır. Bu məqsədlə müdafiə sistemlərinin alınması, hərbi gəmilərin texniki imkanlarının artırılması və Rusiyanın hücumlarına adekvat cavab verilməsi üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutula bilər”.

O əlavə edib ki, Ukraynanın dənizdəki hərbi imkanlarının gücləndirilməsi Rusiyanın da cavab tədbirləri görməsinə səbəb ola bilər:

“Bu isə növbəti mərhələdə Qara dənizdə gərginliyin artması ilə nəticələnə bilər. Bununla belə, yeni yardımın müharibəni indiki vəziyyətindən daha kəskin mərhələyə keçirəcəyi və tərəflər arasında qarşıdurmanın miqyasını köklü şəkildə dəyişəcəyi gözlənilmir. Hazırda Ukraynada əsasən mövqelərin qorunmasına və tədricən yeni ərazilərin nəzarətə götürülməsinə əsaslanan döyüş taktikası tətbiq olunur. Bu vəziyyətin yalnız maliyyə və texniki yardımla qısa müddətdə dəyişməsi real görünmür. Müharibənin gedişatına ciddi təsir göstərmək üçün daha böyük maliyyə resurslarının və geniş hərbi-texniki imkanların səfərbər edilməsi tələb olunur”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR