İngiltərə də Rusiyaya yeni sanksiya tətbiq etdi
İngiltərə Xarici İşlər Nazirliyi Rusiyanın neftinin hasilatı və daşınmasında iştirak edən, hərbi istehsalı asanlaşdıran, həmçinin maliyyə xidmətləri sahəsində tətbiq olunan sanksiyalardan yayınmağa kömək edən Rusiya vətəndaşları və təşkilatlarını hədəf alan yeni məhdudiyyətləri açıqlayıb.
Sfera.az xəbər verir ki, yeni sanksiya siyahısına ümumilikdə 38 təşkilat daxil edilib.
Onların arasında Rusiya neft şirkətləri, “kölgə donanması”na daxil olan tankerlər və Rusiya ordusu üçün mühüm əhəmiyyət daşıyan malları tədarük edən şirkətlər var.
Nazirliyin açıqlamasında bildirilib:
“Maliyyə xidmətləri və kriptovalyuta birjaları da daxil olmaqla, Rusiyanın sanksiyalardan yayınmasına kömək edənlərə qarşı da sərt tədbirlər görürük. Mesaj olduqca aydındır. Əgər Rusiyanın bu müharibəni maliyyələşdirməsinə və ya təchiz etməsinə kömək etsəniz, bunun nəticələri ilə üzləşəcəksiniz”.
Açıqlamada Zarubezhneft və INK Capital adlı 2 Rusiya neft şirkətinə də sanksiya tətbiq edildiyi bildirilib. Qeyd olunub ki, Böyük Britaniya G7 ölkələri arasında Rusiyanın 4 ən böyük neft şirkətinə qarşı sanksiya tətbiq edən ilk ölkədir.
Həmçinin Rusiyanın “kölgə donanması”nın bir hissəsi kimi fəaliyyət göstərən daha 12 neft tankerinin sanksiya siyahısına daxil ediləcəyi açıqlanıb. Bununla da Böyük Britaniyanın sanksiya tətbiq etdiyi belə tankerlərin ümumi sayının 600-ü keçəcəyi bildirilib.
Yeni sanksiya paketi ABŞ və Aİ tərəfindən Rusiyanın müharibəni davam etdirməsi üçün həyati əhəmiyyət daşıdığı hesab edilən malların tədarükündə iştirak edən 17 hüquqi və fiziki şəxsi də əhatə edir.
Sanksiya siyahısına Rusiyanın ballistik raket və pilotsuz uçuş aparatları istehsalı üçün mühüm əhəmiyyət daşıyan dəzgah, elektron avadanlıq və materialların Rusiyaya idxalını həyata keçirən şirkətlərin də daxil edildiyi vurğulanıb.
Bəsti Rəfizadə






