NATO generalları Kiyevə getdi - Ukraynaya dəstək veriləcək

NATO generalları Kiyevə getdi - Ukraynaya dəstək veriləcək
Kateqoriya məlum deyil
T

NATO-ya üzv 32 ölkənin yüksək səviyyəli hərbi nümayəndələrindən ibarət heyət 8 ildən sonra ilk dəfə rəsmi səfərlə Kiyevə gedib. Səfər zamanı NATO generalları və admiralları Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi ilə görüşərək cəbhədəki vəziyyəti, Ukraynanın hərbi ehtiyaclarını və Alyansın Kiyevə təhlükəsizlik dəstəyinin gücləndirilməsini müzakirə ediblər.

NATO generalları və admirallarının Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi ilə strateji danışıqlar aparması cəbhədə vəziyyətin dəyişməsi baxımından hansı əhəmiyyət daşıyır?

Bu səfər Ukraynaya hərbi dəstəyin, xüsusilə silah və hərbi texnika tədarükünün artırılacağına işarə kimi qiymətləndirilə bilərmi?

Mövzu ilə bağlı politoloq Əli Mustafa Sfera.az-a açıqlama verib.

Onun fikrincə, NATO generallarının Ukraynaya getməsi və bunu rəsmi səviyyədə həyata keçirməsi Ukrayna-NATO münasibətlərinin strateji xarakter daşıdığını ortaya qoyub:

“Digər tərəfdən, əlbəttə, bu səfər yəqin ki, NATO generallarının birbaşa Ukraynanın özündə olub vəziyyəti yaxından öyrənməsi, Ukraynaya hansı dəstəyin və hansı köməyin göstərilməsinin lazım olduğunu yerindəcə qiymətləndirməsi zərurəti ilə bağlıdır. Ola bilsin, digər tərəfdən də Rusiyaya bir mesaj verirlər ki, biz Ukraynanın yanındayıq və Ukraynanı tək qoymayacağıq, onu müdafiə edəcəyik. Əlbəttə, bu səfər yəqin ki, ən yüksək səviyyədə, peşəkarlar səviyyəsində Ukraynadakı hazırkı təhlükəsizlik vəziyyətini qiymətləndirmək və Ukraynaya zəruri olan hərbi silah-sursatın verilməsi ilə bağlı daha kritik qərarlar qəbul etmək baxımından da əhəmiyyətlidir”.

Ekspert bu səfəri Ukrayna-NATO əməkdaşlığının daha da dərinləşməsinə, inkişafına və davamlı olmasına bir işarə kimi izah edib:

“Əsas odur ki, NATO generalları həm də Ukrayna xalqına mesaj verir ki, biz sizin arxanızdayıq, yanınızdayıq. Yəni bu müqavimət, mübarizə davam etsin, itirilməsin. Nəzərə alsaq ki, son vaxtlar Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə bağlı ciddi sıxıntılar yaşadığına dair məlumatlar yayılır, əlbəttə, bu səfər bu baxımdan da əhəmiyyətlidir. Dediyim kimi, Ukraynanın hansı silah-sursata daha ciddi ehtiyac duyduğunu yerindəcə öyrənmək, həm NATO olaraq bir hərbi blok kimi, həm də NATO üzvü dövlətlərin hər birinin ayrı-ayrılıqda bu istiqamətdə edə biləcəyi köməkləri yerindəcə müəyyənləşdirmək və yəqin ki, müvafiq addımların atılması baxımından da bu səfəri əhəmiyyətli saymaq olar”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR