Tramp bu məsələyə görə Putinə zəng edəcək
ABŞ Prezidenti Donald Tramp Rusiyada baş verən epidemiya ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə yaxın zamanda telefon danışığı keçirəcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Tramp bunu Merilend ştatının Baltimor şəhərində keçirilən tədbirdən sonra Ağ Evə qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən bildirib.
ABŞ Prezidenti Putinlə telefon danışığının artıq planlaşdırıldığını qeyd edib. O, həmçinin ABŞ kəşfiyyat qurumlarının Rusiyadakı vəziyyəti yaxından izlədiyini və məsələ ilə bağlı hesabatın yaxın günlərdə açıqlana biləcəyini deyib.
Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində xüsusilə təhlükəli infeksiya şübhəsi ilə bağlı araşdırma aparılır. Rusiya rəsmiləri İrkutsk Vəba ilə Mübarizə İnstitutunun əməkdaşına səbəbi müəyyənləşdirilməyən pnevmoniya diaqnozu qoyulduğunu açıqlayıblar. Sosial şəbəkələrdə isə həmin şəxsin ağciyər vəbasından öldüyü barədə iddialar yayılıb.
İradə Elsevər






