Trampın İranla bağlı iki variantı: “Yaxşı” və “çətin” yol nə deməkdir?

Trampın İranla bağlı iki variantı: “Yaxşı” və “çətin” yol nə deməkdir?
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla münaqişəni bitirmək üçün qəti qərar verilməli olduğunu bildirib. O, problemin həlli üçün Vaşinqtonun qarşısında iki variantın – “yaxşı” və ya “çətin” yolun olduğunu qeyd edib.

Tramp müharibənin necə yekunlaşacağının yaxın vaxtlarda bəlli olacağını da əlavə edib.

Bəs ABŞ liderinin nəzərdə tutduğu “yaxşı yol” nədir? “Çətin yol” dedikdə regionda hərbi əməliyyatların genişlənməsi nəzərdə tutulur?

Mövzu ilə bağlı siyasi şərhçi Şakir Ağayev Sfera.az-a açıqlamasında Trampın bu tipli çıxışlarını artıq adi bir hal adlandırıb:

“Tramp demək olar ki, hər gün İranla bağlı müxtəlif bəyanatlar verir, bu artıq adət halını alıb. O, ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasının qalib gəlməsi üçün ştatlardakı təbliğat kampaniyalarında fəal iştirak edir və hər fürsətdə İrana toxunur. Ağ Ev rəhbəri təkcə İranı deyil, ABŞ-nin daxili, xarici siyasətini və Ukrayna böhranını da geniş şərh edir.

Son çıxışında isə Tramp hazırda İranı kimin idarə etdiyinin məlum olmadığını, bəlkə də bunun yaxşı bir şey olduğunu deyib. Təbii ki, idarəedən tərəf bəlli deyilsə, onunla hər hansı sülh müqaviləsi bağlamağın mümkünlüyü də böyük sual doğurur”.

Ekspertin fikrincə, Tramp İranla bağlı açıqlamalarında tez-tez özünü təkzib edir:

“Onun əvvəlki bəyanatlarına qalsa, ya İran çoxdan yox olmalı, ya da bu müharibə bitməli idi. Lakin proses hələ də uzanır. Tramp üçün 'yaxşı yol' müharibəni amerikalıların şərtləri ilə bitirməkdir. Bunun üçün isə Tehran nüvə silahından tamamilə imtina etməli və Vaşinqtonun diktəsini qəbul etməlidir. Lakin hamı bilir ki, İran bu şərtlərlə razılaşmır. Tehran nüvə proqramını öz təhlükəsizliyinin əsası hesab edir və ondan yalnız enerji məqsədilə istifadə etdiyini bildirir.

İran geri addım atmadığı üçün ortada yalnız 'çətin yol' qalır. Bu isə ölkənin yenidən güclü şəkildə bombalanması və hərbi əməliyyatların miqyasının böyüməsi deməkdir. ABŞ və İsrail son iki ildə bunu artıq sınaqdan keçiriblər. Keçən il 12 günlük müharibə, bu il isə 40 günlük qarşıdurma yaşandı. Atəşkəs elan olunsa da, yenidən pozuldu. Fransadakı bəyannaməyə baxmayaraq, tərəflər arasında heç bir real sülh əldə olunmadı.

Hesab etmirəm ki, İrana zərbələrin gücləndirilməsi onu Amerikanın şərtlərini qəbul etməyə məcbur edəcək. Əksinə, yenidən güclü bombardman başlayarsa, eskalasiya pik həddə çata və müharibə bütün regionu bürüyə bilər. İran tərəfi də bununla bağlı artıq dəfələrlə xəbərdarlıq edib”.

Bəsti Rəfizadə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR