ABŞ Rusiyadakı vətəndaşlarına müraciət etdi: "Ölkəni tərk edin"
ABŞ Rusiyada olan vətəndaşlarına ölkəni dərhal tərk etmələri barədə xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, ABŞ-nin Rusiyadakı səfirliyi Sibir bölgəsində yerləşən vəba araşdırma institutunun əməkdaşının şübhəli ölümü və bununla bağlı karantin tədbirlərinə dair məlumatları yaxından izlədiyini açıqlayıb.
Vaşinqton bunun fonunda Rusiyada olan ABŞ vətəndaşlarına təhlükəsizlik və sağlamlıqla bağlı xəbərdarlıqları yeniləyib.
Səfirliyin məlumatına görə, ABŞ hökumətinin, xüsusilə Moskva xaricində yaşayan vətəndaşlarına birbaşa yardım göstərmək imkanları məhduddur. Həmçinin ABŞ əməkdaşlarının şəxsi və xidməti səfərlərinə əlavə məhdudiyyətlərin tətbiq oluna biləcəyi bildirilib.
ABŞ Rusiyaya münasibətdə 4-cü səviyyəli səyahət xəbərdarlığının qüvvədə olduğunu xatırladıb. Bu səviyyə Rusiyaya səfər etməməyi nəzərdə tutur. Hazırda ölkədə olan ABŞ vətəndaşlarına isə Rusiyanı dərhal tərk etmək tövsiyə olunub.
Vaşinqton Rusiyaya səfər etməməyi haqsız yerə saxlanılma riski, təhlükəsizlik narahatlıqları və son sağlamlıqla bağlı hadisələr də daxil olmaqla bir sıra səbəblərlə əsaslandırıb.
İradə Elsevər






