Çin yüzlərlə bankı bağladı — səbəb açıqlanıb

Çində ötən il rekord sayda - 670-dən çox bank müəssisəsi bağlanıb.
Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri Çinin Maliyyə Xidmətlərinin Tənzimlənməsi Milli İdarəsinin məlumatlarına istinadən yazıb.
Bağlanan müəssisələr, əsasən, kiçik regional banklardır. "Fitch" reytinq agentliyinin hesablamalarına görə, bu tədbirlər nəticəsində Çindəki bankların ümumi sayı 3 139-a qədər azalıb - bu da 2021-ci ildəkindən 23 % azdır.
FT-nin sorğu keçirdiyi ekspertlər hesab edirlər ki, bu tədbirlər iqtisadi artım templərinin yavaşlaması şəraitində kiçik kredit təşkilatları üzərində nəzarətin gücləndirilməsinin bir hissəsidir. Çində aşağı faiz dərəcələri və deflyasiya daşınmaz əmlak sektorunda uzun sürən tənəzzül fonunda həmçinin banklara da təzyiq göstərir.
"Fitch"in ekspertlərinin fikrincə, Çindəki kiçik banklar xüsusən də az inkişaf etmiş regionlarda aktivlərin aşağı keyfiyyəti, aşağı kapitallaşma və idarəetmədəki çatışmazlıqlarla xarakterizə olunmaqla sistemin ən zəif həlqəsidir.





