Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı

“Flydubai” reysində təyyarə komandirinə hücum edən ikinci pilotun əvvəllər radikal baxışlarına görə Omanda uçuşlardan kənarlaşdırıldığı bildirilir.
Sfera.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) və “ABC News” mənbələrə istinadən bu barədə məlumat yayıb.
“ABC News”un istintaqla tanış mənbələrə istinadən yaydığı məlumata görə, söhbət 29 yaşlı Oman vətəndaşı Hammam əl-Hammamidən gedir. Onun 2024-cü ildə “Oman Air” aviaşirkətində ikinci pilot köməkçisi kimi çalışdığı zaman ekstremist məzmunlu materiallara görə uçuşlardan kənarlaşdırıldığı bildirilir. Buna baxmayaraq, sonradan “Flydubai” onu işə qəbul edib.
Nəşrin məlumatına görə, müstəntiqlər pilotun hansı səbəbdən yenidən uçuşlara buraxıldığını müəyyənləşdirə bilməyiblər. Əl-Hammaminin istintaqla əməkdaşlıq etdiyi və təyyarəni İsraildə qəzaya uğratmaq niyyətində olduğunu bildirdiyi qeyd olunur.
“Al Arabiya” isə mənbələrinə istinadən pilotun Suriyada olduğu müddətdə radikal ideyaların təsirinə məruz qaldığını iddia edib. Onun nə vaxt və hansı səbəbdən Suriyada olduğu açıqlanmayıb.
Eyni zamanda, WSJ Oman hakimiyyətinin pilotun radikallaşması ilə bağlı məlumatları digər ölkələr və aviaşirkətlərlə bölüşüb-bölüşmədiyini müəyyənləşdirə bilməyib.
Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi təhlükəsizlik insidenti səbəbindən Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təcili eniş edib. Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi oktyabrın 1-də insidentə ikinci pilotun təyyarə komandirinə hücumunun səbəb olduğunu təsdiqləyib. Hadisə nəticəsində hər iki pilot müxtəlif dərəcəli xəsarətlər alıb. Onların səhhəti yaxşılaşdıqdan sonra BƏƏ təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Əbu-Dabiyə göndərildiyi, ekipajın digər altı üzvünün isə təhlükəsiz şəkildə Dubaya qayıtdığı bildirilib.
Hazırda BƏƏ hakimiyyəti hadisənin səbəb və şəraitini araşdırır.






