"FlyDubai" təyyarəsini kim xilas etdi?

Dubaydan Təl-Əvivə uçan “FlyDubai” aviaşirkətinə məxsus FZ1073 reysi sentyabrın 30-da az qala faciə ilə nəticələnəcək hadisə yaşayıb.
Təyyarənin ikinci pilotunun uçuş zamanı kapitana hücum etməsindən sonra sərnişinlər müdaxilə edərək hücum edəni zərərsizləşdirib, təyyarənin idarə olunmasına kömək göstərib və nəticədə borc İsrailə təhlükəsiz şəkildə endirilib.
Sfera.az “Meduza”ya istinadən xəbər verir ki, hadisənin qarşısının alınmasında təyyarənin kapitanı, sərnişinlər arasında olan pilotlar, santexnik və stomatoloq mühüm rol oynayıb. 39 yaşlı Hindistan vətəndaşı, kapitan Smit Maççhar ikinci pilotun hücumu nəticəsində başından və əllərindən bıçaq xəsarətləri alıb. Buna baxmayaraq, o, kabinənin qapısını aça bilib. Bundan sonra sərnişinlər kabinəyə daxil olaraq hücum edən şəxsi zərərsizləşdiriblər. Hazırda xəstəxanada müalicə olunan Maççharın təxminən 15 illik aviasiya təcrübəsinin olduğu bildirilir. O, 2022-ci ildən “FlyDubai”də çalışır.
Hindistanın Baş naziri Narendra Modi də kapitanın davranışını yüksək qiymətləndirərək onun ciddi yaralanmasına baxmayaraq sərnişinlərin həyatını qorumaq üçün cəsarət nümayiş etdirdiyini bildirib. Hadisənin ən diqqətçəkən məqamlarından biri sərnişinlər arasında olan İsrail vətəndaşı Yaniv Hayunun hərəkətləri olub. Peşəcə santexnik olan Hayun kabinəyə daxil olan ilk sərnişinlərdən biri olub. Onun sözlərinə görə, yaralı kapitan qapının yanında yerdə uzanmış, ikinci pilot isə idarəetmə panelinin qarşısında dayanaraq panelə zərbələr endirib. Hayun ikinci pilotu kabinədən çıxarıb və digər sərnişinlərdən kömək istəyib.
Daha sonra isə özü pilot kreslosuna keçərək idarəetmə sükanını özünə tərəf çəkib. Bu hərəkətlə təyyarənin kəskin enişini, yəni pikeni dayandırmağa nail olub. “Guardian” və ABŞ Prezidenti Donald Trampın açıqlamalarında da Hayunun santexnik olduğu qeyd edilib. Hayun özü isə müsahibəsində təyyarəni necə sabitləşdirməyi “Aviakəzaların araşdırılması” serialından xatırladığını deyib. Təyyarə sabitləşdirildikdən sonra idarəetməni sərnişinlər arasında olan iki peşəkar pilot öz üzərinə götürüb. Onların hər ikisinin “FlyDubai”də çalışdığı bildirilir. Pilotlar təyyarəni Səudiyyə Ərəbistanına endiriblər.
Lakin təyyarəni konkret olaraq hansı iki pilotun idarə etdiyi hələ tam açıqlanmayıb. “Israel Hayom” onların Rusiya və Ukrayna vətəndaşları olduğunu yazsa da, bu məlumat hələ təsdiqlənməyib. Digər məlumatlara görə, pilotlardan biri Fici vətəndaşı olub. Təyyarədə olan yeganə tibb işçisi isə İsraildən olan stomatoloq Şota Musayev olub. O, ağır yaralanan kapitan Smit Maççhara ilk tibbi yardım göstərib. Musayev bildirib ki, kabinəyə daxil olduqda kapitanın vəziyyəti çox ağır olub və baş nahiyəsindən güclü qanaxma müşahidə edib. Onun fikrincə, göstərdiyi ilk yardım kapitanın həyatının xilas edilməsində mühüm rol oynaya bilərdi. Hadisə zamanı sərnişinlər ikinci pilotun yenidən kabinəyə qayıtmasının qarşısını almaq üçün onu təxminən 55 dəqiqə nəzarətdə saxlayıblar. Sərnişinlərdən Assaf Rajvan hücum edən şəxsin zərərsizləşdirilməsi zamanı yüngül xəsarət aldığını bildirib.
Digər sərnişin Tsvika Manes isə ikinci pilotla təxminən 20 dəqiqə mübarizə apardıqlarını və nəticədə onu naqilli qulaqcıqlarla bağladıqlarını deyib. Manes təyyarədə qızları ilə birlikdə olduğunu bildirib. Təyyarənin qəfil enişi zamanı uşaqların qorxaraq ölmək istəmədiklərini qışqırdıqlarını deyən sərnişin bunun ata üçün olduqca ağır və travmatik an olduğunu vurğulayıb. Hadisənin bir sıra detalları isə hələ də araşdırılır. İkinci pilotun adı açıqlanmayıb. Məlum olan əsas məlumat onun Oman vətəndaşı olmasıdır.
Hazırda o, Səudiyyə Ərəbistanı hakimiyyət orqanları tərəfindən dindirilir. İsrail də şübhəli şəxsi dindirmək niyyətindədir. Hücumun motivi də hələ müəyyən edilməyib. İsrail hakimiyyəti ikinci pilotun məqsədinin sadəcə təyyarəni qəzaya uğratmaq deyil, 11 sentyabr terror hücumlarına bənzər şəkildə təyyarəni Təl-Əvivdəki göydələnlərdən birinə çırpmaq ola biləcəyi versiyasını araşdırır. “Guardian”ın yazdığına görə, İsrailin Baş naziri Benyamin Netanyahu hadisənin arxasında başqa şəxslərin olub-olmadığını müəyyənləşdirmək niyyətində olduqlarını bildirib. Bunun İranla əlaqəsinin olub-olmadığı barədə suala isə Netanyahu bununla bağlı danışmaq üçün hələ tez olduğunu deyib. Hücumu törətmək üçün hansı silahdan istifadə edildiyi də dəqiqləşdirilməyib. Təyyarəyə minməzdən əvvəl ekipajın ciddi yoxlamadan keçirildiyini nəzərə alan Netanyahu hücumda fövqəladə vəziyyətlər üçün kabinədə saxlanılan qəza baltasından istifadə edilmiş ola biləcəyini istisna etməyib.
Firuzə Əliyeva






