Bu ölkənin Ukrayna ilə münasibətləri pisləşir

Bu ölkənin Ukrayna ilə münasibətləri pisləşir
Kateqoriya məlum deyil
T

Cənubi Koreya Prezidenti Li Çje Myonq Ukraynanın iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya göndərildiyini ictimaiyyətə açıqlamasına görə rəsmi üzr istəmədiyi təqdirdə əlavə addımlar atılacağı barədə xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən həftə BMT Baş Assambleyasındakı çıxışı Seulun narazılığına səbəb olub.

Cənubi Koreya hakimiyyəti hərbi əsirlərin ölkəyə köçürülməsi barədə məlumatların məxfi saxlanılmalı olduğunu bildirib.

Ukraynanın xarici işlər naziri Andrey Sibixa məsələni “diplomatik anlaşılmazlıq” adlandıraraq, Kiyevin problemin həlli üzərində çalışdığını deyib. Prezident Li isə bu ifadə ilə razılaşmayıb. O, məsələnin Koreya xalqının və millətinin ləyaqəti ilə bağlı olduğunu vurğulayıb.

Cənubi Koreya Prezident Administrasiyasının məlumatına görə, hərbi əsirlərin köçürülməsi ilə bağlı məlumatların məxfi saxlanılması tələbi Ukraynadan gəlib. Seul bunu həm Şimali Koreyalı hərbçilərin ailələrini qorumaq, həm də Kiyevin həmin şəxsləri digər əsirlərlə dəyişmək imkanından məhrum olması ilə bağlı tənqidlərin qarşısını almaq məqsədi ilə izah edib.

Cənubi Koreyaya göndərilən iki Şimali Koreyalı hərbçinin daha əvvəl yerli mediaya Cənubi Koreyaya getmək istədiklərini söylədikləri qeyd olunur. Onların Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskvanı dəstəkləmək üçün bölgəyə göndərilən Şimali Koreyalı hərbçilər arasında olduğu bildirilir.

Zelenskinin açıqlamasından sonra Cənubi Koreyada müxalifət Prezident Lini Pxenyanla münasibətləri qorumaq məqsədilə hərbçilərin köçürülməsini gizlətməyə çalışmaqda ittiham edib.

XİN rəhbəri Andrey Sibixa məsələnin ən qısa zamanda həll olunacağına ümid etdiyini bildirib.

Li isə Ukraynanı “Koreya yarımadasına müharibə gətirməyə çalışmaqda” ittiham edib. Cənubi Koreya lideri Kiyevin razılaşmanın şərtlərini qəbul edib üzr istəmək əvəzinə, Şimali və Cənubi Koreya arasında mümkün hərbi qarşıdurmadan danışmasından təəssüf duyduqlarını bildirib.

Cənubi Koreya Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Kiyevə siyasi və humanitar dəstək versə də, müharibədə iştirak edən ölkələrə öldürücü silahların verilməməsi siyasətini davam etdirir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR