Hollandiyada Qərbi Nil virusu təhlükəsi: Ölənlərin sayı artdı

Hollandiyada Qərbi Nil virusundan ölənlərin sayı 9-a çatıb.
Sfera.az xəbər verir ki, Hollandiyada Qərbi Nil virusu ilə bağlı vəziyyət pisləşib. Hollandiya Xalq Sağlamlığı və Ətraf Mühit İnstitutu (RIVM) son həftələrdə daha 4 nəfərin virus səbəbindən həyatını itirdiyini açıqlayıb.
Bununla ölkədə bu il Qərbi Nil virusundan ölənlərin sayı 9-a yüksəlib. Ölkədə 6 ildən sonra yerli mənşəli ilk Qərbi Nil virusu infeksiyası ötən avqust ayında aşkarlanıb. Həmin vaxtdan bəri yoluxma hallarının ümumi sayı 56-ya çatıb.
RIVM son həftələrdə yeni yoluxmaların sayında azalma müşahidə edildiyini və epidemiyanın, ehtimal ki, pik həddinə çatdığını bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Qərbi Nil virusu əsasən ağcaqanadların dişləməsi ilə insanlara ötürülür. Yoluxan hər 150 nəfərdən təxminən birində xəstəliyin ağır formada inkişaf edə biləcəyi bildirilir.
ÜST həmçinin Avropada bu il rekord səviyyədə isti hava dalğalarının müşahidə edildiyini və temperaturun yüksəlməsinin ağcaqanadların virusu yayması üçün daha əlverişli şərait yaratdığını qeyd edib.
Qərbi Nil virusuna yoluxma hallarının Yunanıstan və İtaliyada da artdığı bildirilir.\\azxeber.com






