Avropa İttifaqında büdcə ilə bağlı fikir ayrılığı yarandı

Avropa İttifaqının (Aİ) növbəti yeddiillik büdcəsi ilə bağlı üzv ölkələr arasında fikir ayrılığı dərinləşib.
Altı ölkə büdcənin hazırkı layihəsinə razılıq vermək üçün xərclərin əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir.
Sfera.az xəbər verir ki, “Financial Times” birgə bəyanata istinadən yazıb. Almaniya, Niderland, İsveç, Danimarka, Avstriya və Finlandiya 2028-2034-cü illəri əhatə edəcək Aİ büdcəsində “yüz milyardlarla avro” həcmində ixtisarların aparılmasını istəyir.
Bu ölkələr azaldılacaq vəsaitlərin hərbi sənayeyə və innovativ şirkətlərə yönəldilməsini təklif edirlər. Eyni zamanda kənd təsərrüfatına və Aİ-nin nisbətən zəif inkişaf etmiş regionlarına ayrılan maliyyənin azaldılması gündəmə gətirilir. Sözügedən dövlətlər mövqelərini Avropanın qarşılaşdığı yeni iqtisadi və təhlükəsizlik çağırışları ilə əsaslandırırlar.
Aİ ölkələri 2028-2034-cü illər üzrə büdcənin yekun variantını ilin sonunadək razılaşdırmalıdır. Layihənin 2026-cı ilin ikinci yarısında Aİ Şurasına sədrlik edən İrlandiya tərəfindən payızda təqdim edilməsi gözlənilir.
Büdcə üzrə müzakirələrdə əsas fikir ayrılıqları ümumi xərclərin həcmi və vəsaitlərin üzv ölkələr və müxtəlif sahələr arasında necə bölüşdürülməsi ilə bağlıdır. Aİ-nin yeddiillik büdcəsinin qəbul edilməsi üçün bütün üzv dövlətlərin razılığı və Avropa Parlamentinin təsdiqi tələb olunur.
Büdcə təsdiqləndikdən sonra üzv ölkələr 2028-ci ildən başlayacaq yeni maliyyə mərhələsi üçün müvafiq qanunvericilik və proqramları hazırlamalıdır.
Firuzə Əliyeva
Sfera.az






