Ukraynaya Rusiya hücumları: Son sutkada 6 nəfər ölüb

Rusiyanın son 24 saat ərzində Ukraynanın müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində azı 6 nəfər ölüb, çox sayda insan yaralanıb.
Sfera.az xəbər verir ki, "Euronews"un verdiyi məlumata əsasən, Zaporojye vilayətinə endirilən zərbələr nəticəsində iki qadın həlak olub, 7 nəfər yaralanıb.
Vilayət qubernatoru İvan Fedorov hücumların ardından infrastruktur, yaşayış evləri və avtomobillərə dəymiş zərərlə bağlı 86 müraciətin daxil olduğunu bildirib.
Donetsk vilayətində isə 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilib. Vilayət qubernatoru Vadim Filaşkin cəbhə xəttində yerləşən ərazilərdən 1121 nəfərin təxliyə edildiyini açıqlayıb.
Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin hücumlar nəticəsində daha bir nəfərin öldüyünü, 3 nəfərin yaralandığını deyib. Onun sözlərinə görə, bölgədə kritik və sosial infrastruktur obyektləri, eləcə də yaşayış məntəqələri zərər görüb.
Sumı vilayətində isə 69 yaşlı kişi pilotsuz uçuş aparatının hücumu nəticəsində həyatını itirib. Bölgəyə idarə olunan hava bombası ilə endirilən zərbə nəticəsində 10 nəfərin yaralandığı deyilib.
Rusiya qüvvələri gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə də yeni hücumlar həyata keçirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində ölkəyə 173 hücum dronu göndərib. İlkin məlumata əsasən, saat 07:30-a qədər hava hücumundan müdafiə qüvvələri “Şahed”, “Gerbera” və digər tipli 134 pilotsuz uçuş aparatını məhv edib və ya zərərsizləşdirib. Hücumlar 19 müxtəlif ərazidə qeydə alınıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın “McDonald's”a xidmət göstərən logistika obyektinə də “ikiqat hücum” həyata keçirdiyini bildirib. Davam edən hücumlar ölkədə gündəlik həyata və biznes fəaliyyətinə zərər vurur.
Hadisələr Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburqda jurnalistlərə Moskvanın Avropa ilə qarşıdurmaya hazırlaşmadığını bildirməsindən sonra baş verib.
İradə Elsevər






