Senatorlar Putinlə bağlı Trampa çağırış etdi

ABŞ Senatının hər iki partiyasından olan 14 senator Prezident Donald Trampı Rusiya Prezidenti Vladimir Putinə dekabrda Mayamidə keçiriləcək “Böyük iyirmilik” (G20) sammitində iştirak üçün göndərilən dəvəti ləğv etməyə çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə “The Washington Post” senatorların Trampa ünvanladığı məktuba istinadən məlumat yayıb.
Senatorlar müraciətlərində bildiriblər ki, “Prezident Putin Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı təcavüzkar müharibəyə görə tam məsuliyyət daşıyır”.
Onların fikrincə, Rusiya Prezidenti davam edən müharibə və Ukraynaya zərbələr fonunda ABŞ-da keçiriləcək sammitdə iştirak edərsə, bu, Rusiya hakimiyyəti ilə münasibətlərin legitimləşdirilməsinə və normallaşdırılmasına xidmət edə bilər.
Məktub müəllifləri həmçinin Putinin, Rusiyanın maliyyə naziri Anton Siluanovun və Rusiya nümayəndə heyətinin digər üzvlərinin ABŞ sanksiyaları altında olduğunu xatırladıblar.
Senatorların fikrincə, Rusiya rəhbərliyinin beynəlxalq təcriddən çıxarılması Moskvanın Ukraynada atəşkəslə razılaşmaq üçün motivasiyasını azalda bilər.
Məktuba imza atanlara Senatın Silahlı Qüvvələr Komitəsinin sədri, respublikaçı Rocer Uiker və Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı demokratı Cin Şahin rəhbərlik edib. Sənədi daha altı demokrat və altı respublikaçı senator imzalayıb.
Qeyd edək ki, Putinə G20 sammitində iştirak üçün dəvət göndərildiyini daha əvvəl ABŞ dövlət katibi Marko Rubio təsdiqləyib. Rubio sentyabrın 23-də bildirib ki, Vaşinqton Rusiya Prezidentinin Tramp və digər dünya liderləri ilə görüşünü qarşılıqlı əlaqə üçün imkan kimi qiymətləndirir.
Bununla belə, Putinin dəvəti qəbul edib-etməyəcəyi hələ məlum deyil. Rusiya Prezidenti 2019-cu ildən bəri G20 liderlər sammitlərində şəxsən iştirak etməyib.
Rusiya G20-nin üzvü olaraq qalır. Bu il sammit dekabr ayında Mayamidə keçiriləcək.






