Qəzzanın qurulmasına 71 milyard dollar lazımdır - Hesabat

BMT, Avropa İttifaqı və Dünya Bankının birgə qiymətləndirməsinə əsasən, Qəzza zolağının bərpası və yenidən qurulması üçün növbəti 10 il ərzində 71,4 milyard dollar tələb olunur.
Sfera.az xəbər verir ki, bu barədə Qəzza üzrə Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi (RDNA) hesabatında məlumat verilib.
Hesabata görə, Qəzzada fiziki infrastrukturun dağıdılması nəticəsində dəyən zərərin 35,2 milyard dollar, iqtisadi və sosial itkilərin isə 22,7 milyard dollar olduğu təxmin edilir.
Yenidənqurma üçün nəzərdə tutulan 71,4 milyard dolların 26,3 milyard dollarının ilk 18 ay ərzində xərclənməsi tələb olunur. Bu vəsait əsas xidmətlərin bərpasına, kritik infrastrukturun yenidən qurulmasına və iqtisadiyyatın dirçəldilməsinə yönəldiləcək.
Məlumata görə, Qəzzada 371 mindən çox yaşayış evi dağıdılıb və ya zərər görüb.
Xəstəxanaların yarıdan çoxu fəaliyyət göstərə bilmir, məktəblərin isə demək olar ki, hamısı dağılıb və ya zərər görüb.
Sentyabrın 23-də isə ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurası Qəzzanın yenidən qurulmasına başlanması üçün 2,45 milyard dollarlıq, altı aylıq plan təqdim edib. Plana ilkin mərhələdə 66 layihənin daxil edildiyi bildirilib.
İradə Elsevər






