“Uğursuz kişi ilə görüşmərəm”

ABŞ-nin Kaliforniya ştatında texnologiya şirkətinin rəhbəri Bruk LeBlank gələcək həyat yoldaşı üçün müəyyən etdiyi “əvəzolunmaz tələblər” siyahısı ilə sosial medianın gündəminə düşüb.
Sfera.az xəbər verir ki, “Corgi” şirkətinin rəhbəri X sosial şəbəkəsindəki təxminən 37 min izləyicisinə “Kim həyatımın həmtəsisçisi olmaq istəyir?” sualı ilə müraciət edib.
Daha sonra gələcək həyat yoldaşında görmək istədiyi xüsusiyyətləri sadalayan LeBlank bildirib ki, kişi “sağlam və maskulin”, ağıllı, zarafatcıl və rahat xarakterli olmalıdır. O, həmçinin potensial partnyorunun maddi baxımdan rahat, lakin işləməyə həvəsli olmasını istəyir.
Siyahı bununla da bitməyib. LeBlank gələcək həyat yoldaşının 35-42 yaş aralığında olmasını, mehriban, səxavətli və diqqətli davranmasını, həmçinin “öz üzərində sağalma yolunda” olmasını vacib şərtlər sırasında göstərib. Texnologiya rəhbəri etiraf edib ki, xüsusilə texnologiya sahəsində çalışan kişilərə üstünlük verir. Onun digər tələbi isə potensial partnyorunun övladının olmamasıdır. Bununla belə, kişi gələcəkdə uşaq sahibi olmaq istəməlidir.
LeBlankın paylaşımı qısa müddətdə viral olub və təxminən 5 milyon baxış toplayıb. Paylaşım sosial şəbəkə istifadəçiləri arasında mübahisələrə səbəb olub. Başqa bir istifadəçi isə LeBlancın siyahısında qeyd olunan bütün xüsusiyyətlərə sahib kişinin artıq evli ola biləcəyini bildirib.
Lakin onu müdafiə edənlər də tapılıb. İstifadəçilərdən biri qadının gələcək həyat yoldaşında görmək istədiyi xüsusiyyətləri açıq şəkildə deməsinin kişilərin münasibətlərdə öz tələblərini ifadə etməsindən fərqlənməməli olduğunu qeyd edib. LeBlank isə tənqidlər qarşısında geri addım atmayıb.
“Bağışlayın, amma mən uğursuz bir kişi ilə görüşmək istəmirəm”, - o yazıb. Texnologiya rəhbəri daha sonra bildirib ki, bu siyahını hazırlamasına illərlə davam edən münasibət təcrübəsi səbəb olub.
“Bu gün kiberzorakılığa məruz qalıram ki, bir gün maddi cəhətdən müstəqil, gözəl ana olum”,– deyə LeBlank ironik şəkildə qeyd edib. Onun paylaşımı isə sosial mediada müasir münasibətlər, seçim meyarları və insanların gələcək partnyorlarından gözləntiləri ətrafında yeni müzakirələr yaradıb.
Firuz






