Ukraynaya bir həftədə 2000-dən çox PUA atıldı

"Hər gün və hər gecə Rusiya zərbələrindən müdafiə olunuruq. Dünən Rusiya orudusu Xerson vilayətində monastıra zərbə endiriblər, nəticədə bir xidmətçi həlak olub, dördü isə yaralanıb".
Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
Hücumların miqyasını açıqlayan dövlət başçısı qeyd edib:
"Harkov, Sumı, Odessa, Dnepr, Zaporojye, Kiyev və digər vilayətlərdə mülki və kritik infrastrukturlar, yaşayış binaları hədəf alınıb. Təkcə bu həftə Rusiya ölkəmizə qarşı 2000-dən çox zərbə PUA-sı, 1700 aviasiya bombası və 19 raket buraxıb".
Tərəfdaşların reaksiyasına və sanksiya təzyiqlərinə toxunan Zelenski əlavə edib:
"Tərəfdaşlarımızın da Rusiyanı bu müharibənin nəticələrini hiss etməyə məcbur edəcək üsullar tapması vacibdir. Məhz indi təcavüzkara qarşı yeni sanksiya addımları atmaq və güc yolu ilə sülhə məcbur etmək üçün doğru məqamdır. ABŞ, Avropa və "Böyük Yeddilik" (G7) ölkələrindən yeni qətiyyətli addımlar gözləyirik".






